Metroda bahalaşmaya hazırlıq gedir

metroda-bahalasmaya-hazirliq-gedir
Oxunma sayı: 2642



İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Metropoliten və digər dövlət şirkətlərində ən böyük problem şəffafglıqla bağlıdır: “Əgər şəffaflıq və hesabatlılıq məsələsi öz həllini tapmış olsa, bəzi məsələlərə rahat aydınlıq gətirmək olar. Tutaq ki, bir sərnişinə göstərilən xidmətin dəyəri ilə onun il ərzində xərcinin nə qədər olduğunu hesablamaq olar. Bununla Metropolitenin saxlanması üçün nə qədər vəsait lazımdır onu da müəyyənləşdirmək mümkündür. Burda şəffaflıq bir neçə baxımdan lazımdır. Çünki Metropolitenin dövriyyəsi sərnişin daşınması ilə yekunlaşmır. Metropolitenin çox böyük dövriyyəsi var. Mənim bildiyim qədər qurumun 3 vacib gəlir mənbəyi var. Sərnişindaşımada xidmət  haqlarından daxilolmalar, reklam dövriyyəsi. Reklam dövriyyəsindən danışsaq, çox böyükdür. Əhali kütləvi olduğu üçün şirkətlər, firmalar həm qatarlarda, həm də metrostansiyalarda reklamlar verilib, hətta canlı reklamlar üçün proyektorlar quraşdırılıb. Bunu aydınlaşdırmağa ehtiyac var ki, il ərzində nə qədər gəlir gətirir”.

Ekspert üçüncü, gəlir gətirən sahənin satış şəbəkələri olduğunu söylədi: “Keçidlərdə çoxsaylı köşklər, dükanlar, kommersiya obyektləri var. Ona toxunmuram ki, bu qurumlarla müqavilələr nə qədər şəffafdır. Bunlar böyük ehtimalla qeyri-rəsmi olur. Bu cür qeyri şəffaf bir mühitdə Metropolitenin öz xərcini ödəyib-ödəməməsinə cavab vermək çox çətin məsələdir. Yaxşı olardı ki, Hesablama Palatası oraya girəydi və gəlir-xərclərin auditini aparaydı. Hesablama Palatası araşdırma aparaydı ki, qurum 1 kv/m sahəyə görə nə qədər icarə haqqı alır. Ayrı-ayrı şirkətlərin reklamları neçəyə verdiyini araşdıra bilərdi. Bu halda artıq ictmaiyyət üçün elan oluna bilər ki,  nə qədər vəsait Metropolitenin dövriyyəsinə cəlb oluna bilər. Hələ sərnişin dövriyyəsini də Metropoliten açıq elan etməlidir”.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzi Metropolitenlə bağlı araşdırma aparıb. Birliyin sədri Qadir İbrahimlinin sözlərinə görə, metroda bir sərnişinin daşınma xərcinin 55 qəpik olması barədə rəsmi iddialar olub: “Sonra bu iddialar 72 qəpiyə, indi isə 1 manata çatıb. Bakı Metropoliteni 1 nəfərin daşınma xərcinin 1 manat olduğunu israr edirsə, onda tələb edilən 220 milyon manatın qalan 148,8 milyon manatını (220 milyon manat - 73,2 milyon manat) hansı mənbələr hesabına əldə etdiyini açıqlasınlar”. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva mətbuata bildirib ki, metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbi tikinti materiallarının alış qiymətlərinin, görülən işlərin haqqının, habelə podratçıların xidmət haqlarının artması ilə bağlıdır. Bundan əlavə, yeni metro xətləri və stansiyalar da tikilir, bu isə dövlət büdcəsinə əlavə yük gətirir. “Metroda gediş haqqını biz qaldırmırıq, lakin obyektiv olaraq hər il təsərrüfat xərcləri artır. Metro 100 faiz dövlət subsidiyalarından asılıdır, ona görə də qiymətlərin artırılması barədə qərarı da dövlət qəbul edir” - deyə metropoliten rəsmisi bildirib.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun mediaya açıqlamasına görə, hər gün orta hesabla metrodan 600 min nəfər sərnişin istifadə edir. Bu, ildə təxminən 220 milyon sərnişin deməkdir. 20 qəpikdən hesablasaq, bu, 44 milyon manata yaxın pul edir. Hesab etsək ki, bir nəfərin daşınma xərci realda 1 manatdırsa, onda metropolitenin saxlanılmasına 220 milyon manat vəsait lazımdır. Bu vəsaitin 44 milyon manatı sərnişin daşınması hesabına əldə edilirsə, deməli, 176 milyon manat dövlət dotasiyasına ehtiyac var. 

Ekspert R.Ağayevin fikrincə, Metropoliten dövlət büdcəsindən pul almalıdı: “Metropoliten dövlətindir. Necə ki, özəl şirkətlərin səhmdarları, təsissçiləri öz şirkətlərinə töhvə verirlər, Metropolitenə də dövlət vəsait ayıra bilər. Bunu heç maya dəyərinə salmaq doğru deyil. Büdcədən quruma 2013-cü ildə 360 milyon manat investisiya xərci, əlavə 28 milyon manat subsidiya ayrılıb. Üst-üstə 388 milyon manat vəsait edib. 2012-ci ildə 240 milyon manat investisiya xərcləri çərçivəsində 25 milyon da subsidiya şəklində ayrılıb. İki ilə bu rəqəm 630 milyon manata çatıb. 2014-cü ildə subsidiyaların həcmi artırılıb, investisiya xərcləri hələ açıqlanmayıb. Subsidiyanın həcmi 36 milyon manatdır. Belə bir şəraitdə mütləq şəffaflıq olmalıdır. Dünyada belə bir praktika var ki, kapital xərclərini bir ilə sala bilməzlər. Özəl sərmayədə də belədir. Böyük kapital xərclərindən söhbət gedirsə cari xərclər dərhal maya dəyərinə əlavə olunur. Bu halda sərmayələri vətəndaşın cibindən çıxarmaq yanlış yanaşmadır. Metro starteji bir obyektdir. Dövlət onu saxlamağa borcludur. Metropoliten kommersiya xarakterli obyekt deyil. Onun sosial əhəmiyyəti var. Maya dəyəri hesablananda ondan investisiya xərclərini çıxmaq lazımdır. Qalır cari xərclər maaş, mal-materialların alınması, cari təmir işlərinin xərci Metropolitenin borcudur ki, bunları açıqlasın”.

 Bu gün sosial şəbəkələrdə vətəndaşlar öz metro kartlarına iri məbləğdə pula gediş haqqı vurulmasında problemlər yarandığını yazıb. R.Ağayev də benzinin və yanacağın qiymət artımından sonra metroda gediş haqqalrının qalxmasını real hesab edir: “Görünür ki, hökumət bunu ilin ortasına saxlayıb”.

Bizimyolinfo.com