Nazirlik 83 800 manat cərimə tətbiq edib

nazirlik-83-800-manat-cerime-tetbiq-edib
Oxunma sayı: 633

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-30 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 59 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 26 iş üzrə 83 800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 4351.66 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 157 iş üzrə 29396.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 2, icra qruplarına 7, məhkəmələrə isə 1 iş göndərilib.

Nigar Məmmədli