Nizamidə birinci rübün yekunları müzakirə olunub

nizamide-birinci-rubun-yekunlari-muzakire-olunub
Oxunma sayı: 952

Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva və Rasim Musabəyov,  rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, ilk öncə 2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik edib. A.Qasımov Nizami rayonunda da Prezident seçkilərinin tam demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçdiyini, heç bir qanun pozuntusunun müşahidə olunmadığını qeyd edib və cənab İlham Əliyevin seçkilərdə rayon üzrə 84,65% səs topladığını nəzərə çatdırıb. Sonra A.Qasımov aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirib. 

Hesabat məruzəsi ilə çıxış edən İ.Mehdiyev rayonun müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər və görülmüş işlər barədə geniş məlumat verib.

İ.Mehdiyev 2018-ci ilin birinci rübündə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 114,3 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox sənaye məhsulu istehsal edildiyini, istehsalın 32,1 faizinin qeyri-dövlət sektoruna aid olduğunu, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 42,6  milyon manat,  yəni ötən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə çox, pərakəndə ticarət dövriyyəsinin həcminin 548,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 99,4 milyon manat olduğunu, rabitə sahəsində 91,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çox, nəqliyyat sahəsində isə 24,6 milyon manat dəyərində xidmətlər göstərildiyini, rayonda 985 yeni iş yeri açıldığını diqqətə çatdırıb.

İ. Mehdiyev 15.02.2018-ci il tarixdən 26 №-li Şəhər poliklinikasında, 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında 18 yaşdan yuxarı rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanıldığını, mart ayının 31-dək 42440 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 1606 nəfərin ambulator, 106 nəfərin isə stasionar müalicəyə cəlb olunduğunu və rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirlərinin davam etdirildiyini bildirib. Eyni zamanda, Heydər Bağı Park-Bulvarda “Dünyagöz” Bakı Xəstəxanasının Mobil Göz Klinikası tərəfindən rayon sakinləri üçün ödənişsiz göz müayinəsi aksiyasının keçirildiyini söyləyib.

İ. Mehdiyev cari ilin birinci rübündə rayonun daxili resursları hesabına Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə İcra Hakimiyyəti tərəfindən əsaslı təmir işlərinə başlanıldığını, Milli Sağlamlıq Mərkəzinin tikintisində son tamamlama işlərinin görüldüyünü nəzərə çatdırıb.

Yığıncağa yekun vuran İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.