Ölülərlə dirilərin birgə yaşadığı şəhərdən - Reportaj

olulerle-dirilerin-birge-yasadigi-seherden
Oxunma sayı: 2563

Bilməzdim ki, tarix kitablarından həsrətlə baxdığım əzəmətli Misir fironluğuna ayaq basacam. Hər qarışı tarix qoxan, dünya möcüzəsini və hələ də insan övladına bəlli olmayan tarixi sirləri özündə gizləyən bu ecazkar torpaq gözləntilərimi nə dərəcədə doğrulda bildi?! Odur ki, bunlar və daha artığı ilə qısa reportajımda tanış ola bilərsiz. Reportajıma söz gəlişi qısa dedim. Çünki, oranı səhifələrlə yazmaqla ifadə etmək qeyri-mümkündür. 

Şarm Əl Şeyxə gedən yol Tbilisidən keçir... 

Yayın bu qızmar çağında ərazisinin 90 faizi səhralardan ibarət olan Misirə getməyi heç kəs cəsarət edə bilməzdi. Ancaq nədənsə digər turizm məkanlarından fərqli olaraq sülh şəhərinə, Şarm Əl-Şeyxə getməyi qərarlaşdırdıq. Bakıdan birbaşa uçuş olmadığı üçün Tbilisiyə yola düşdük. Təyyarə ilə 3 saat məsafədən sonra Qırmızı dənizin göz muncuğuna çatdıq. Həddinən artıq yorğun idik. Lakin 3 saatlıq yolda deyil, daha çox təyyarədəki onlarla erməninin replikalarına qarşı səbirli olmağa çalışarkən yorulmuşduq...Əlbəttə, bu millətin nümayəndələrini tanımaq o qədər də çətin deyildi. Sağ, sol, arxa, ön... Hər yanda onlar, hər addımbaşı erməni səsi. Özümü Yerevana səyahət edən sərnişin kimi hiss edirdim.

Maraqlı məqam o idi ki, ailəvi şəkildə istirahətə gedən ermənilər üçün azərbaycanlını görmək səhrada su görmək kimi bir şey idi. Pasportlarımızın yoxlanılması zamanı adımızla maraqlanmaları, balaca uşaqların rus dilində “Ana, azərbaycanlılar” deyərək qışqırıb ağlaması, “sarı gəlin”i öz dillərində oxuması, bizə  erməni viskisi təklif etmələri və başqa nələr nələr. Əlbəttə, düşünürdük ki, otelimizə çatandan sonra bu gərgin gün bitəcək, biz istirahətiimizə davam edəcəyik.  Gecə təxminən 23:00 –da  eniş etdik, şəhərdən çıxmaq üçün isə bizə məlumat verildi ki, 25 dollar ödəyib viza almalısınız. Belə də etdik.

Turizm şirkətinin bizə ayırdığı avtobusa əyləşdik və kölgədə 39-40 dərəcə istisi olan, gecələri tez düşən, səhərləri Günəşin Ayı cəld göy üzündən qovduğu zəngin diyarla ilk tanışlığımız oldu. Buradakı sürücülərin bizim yerli sürücülərlə bir fərqi yoxdur. Söhbət etməyi sevirlər, ölkədəki vəziyyəti müzakirə edirlər. Biz onlardan maşında Misirin pop ulduzu Haifa Vehbenin mahnılarının qoyulmasını xahiş etdik. Mahmud müğənninin çox gözəl bədənin olduğunu vurğulayır, ondan danışdıqca gözləri parıldayırdı. Nəhayət ki, otelimizə çatdıq, gecə olduğu üçün ərazi ilə tanışlığı səhərə saxladıq. 

Ermənilərə bənzədilən azərbaycanlılar, rus dilli əhali və “yapışqan” satıcılar...

Və budur, şəhərlə tanış oluruq. Şarm Əl- Şeyx- nadir bitkilərin, qızıl qumlu çimərliklərin,duzlu və şəffaf dənizin, hündür palmaların, onlarla polisin küçədə keşiş çəkdiyi başıbəlalı turistik şəhər...

15 il İsrail işğalı altında qalan, iki dövləti bir-birinə düşmən edən bu şəhər Kemp Devid sazişindən sonra Misirə qaytarılıb. Əlbəttə, kurort zonasının dərdi bununla bitməyib. Bir neçə il bundan əvvəl şəhərin 700 km aralı məsafədə Rusiyaya məxsus təyyarənin qəzaya düşməsi onun gözəlliyinə kölgə salmağa başlayıb. Belə ki, Rusiya artıq bu əraziyə vətəndaşlarının gəlməsinə icazə vermir. 

Bu ərazilərə gəlib, hər otelin qarşısında qurulan böyük mağazaları gəzməsən olmaz. Hər mağaza bir macəra dolu . Yoldan keçən zaman satıcıların zorla səni içəri dəvət etmələri, çay süzmələri, hədiyyə vermələri bu macəranın bir hissəsi idi. Kiçiyindən tutumuş böyüyünə kimi, əhalinin 70 faizi demək olar ki, rus-ingilis dilində danışmağı bacarır. Onlar əvvəlcə bizi ermənilərə bənzədirlər, daha sonra aqressiv baxışlarımızdan sonra italyan olduğumuzu söyləyirlər.

Ancaq Azərbaycan və azərbaycanlı kəlməsini dilinə alanla rastlaşmadıq desək doğru olar.  Onu da deyim ki, qiymətlər münasibdir. Siz 1-2 dollara dostlarınıza maraqlı suvenerlər hədiyyə ala bilərsiz. Biz də bu ənənəyə sadiq qalaraq özümüz üçün bir neçə hədiyyə aldıq. Daha sonra otelimizə gedərək duzlu və duru dənizin, parlaq günəşin dadını çıxarmağa davam etdik. Çünki bizi Qahirədə daha maraqlı yerlər gözləyirdi. 

25 milyon əhalisi olan varlı, çirkli və boz şəhər, ölülərlə dirilən bir arada yaşadığı Qahirə...

Misirə gedəsən və qədim piramidaları da görməyəsən, bu qeyri-mümkündür. Elə Misirə gəlməyimiz pramidalara olan eşqimizdən irəli gəlirdi. Turizm şirkətinin nümayəndəsi Muhammed bizə sərfəli bir təklif irəli sürdü. O, Asiyadan ( şarm Əl-Şeyx)  Afrikaya ( Qahirə) getmək üçün bizdən 75 dollar tələb etdi. Bu pula Qahirəni tamamilə gəzmək, qida və yol xərcləri daxil idi. Biz də razılaşdıq və gecə 12-də yola düşdük. 500 kilometrdən artıq bir məsafəni avtobusla qət etmək elə də asan deyildi. Şarm Əl-Şeyx avtobusunda bizimlə birgə xeyli turist Qahirəyə getmək üçün bizi gözləyirdi. Avtrobusa mindik, yerimizi tutduq. Sürücümüz Əhməd bizi Mustafa adlı şəxsin qarşılayacağını söylədi.  

Yeni əyləşmişdim ki, yanımda hündür boy, yekə burun və qaraşın bir nəfər əyləşdi. Bu anda içimdən “səfərimiz “maraqlı” olacaq dedim”. Çünki elə həmin şəxsin erməni olduğunu hiss etmişdim. Mənə “haralısan?” sualını verdi, “azərbaycanlıyam” dedim. Qaşları qalxdı, ağzı sol tərəfə əyildi və yol boyu yatmağa çalışdı. Daha sonra ondan gələn mənfi enerji məni narahat etməyə başladı və yerimi dəyişməyə məcbur oldum. Gecə boyu hər addımbaşı avtobus saxlanılır, təhlükəsizlik əməkdaşları “terrorçu” turistləri yoxlayırdılar. 500 km məsafədə 100 dəfə avtobusun saxlanıldığını nəzərə alsaq səhər Qahirəyə 8-də çatmağımıza sevindim. Çünki, hər dəfə təhlükəsizlik əməkdaşlarını bizi saxlaması, yoxlamaların aparılması məni və digər turistləri narahat edirdi. 

Və budur, biz Qahirəyə çatdıq. Xəyallarımdakı Qahirə bu Qahirə deyildi. Binaları çirkli, dağınıq və günəşdən bozarmış şəhər.  Bunun üstünə, şəhərin demək olar ki, 60 faizi zibilxanadan ibarətdir. Əhali hər küçəni, ticarət mərkəzinin qarşısını zibil təpəciklərinə çevirib.  Köhnə Qahirə avtovağzalına çatdıq. Bələdçimiz bizi qarşıladı və bizə şəhər barədə doğruları danışaçağına söz verdi və ekskursiyaya Misir Muzeyindən başlayacağımızı dedi.  Muzey saat 09:00-da açılır, biz isə yarım saat ora tez getmişik.  43-44 dərəcə istinin altında əzəmətli muzey binasına baxır, orada bizi hansı macəraların gözlədiyini müzakirə edirdik. Muzey Misirin mərkəzində, Hökümət Evi ilə üzbəüz yerləşir.  

Bələdçimiz deyir ki, Misir xalqı öz tarixinin qədrini bilmir və tarixi memarlıq abidələrinə başqa xalqın nümayəndələri sahib çıxır. Necə ki, zəngin ölkənin tarixinin cəmləşdiyi bu muzeyi də fransalı memar Marsel Dyunon tikib. Muzey 1900-cu ildən bu yana fəaliyyət göstərir və ən çox çinli turistlərin sevimli məkanına çevirilib. Misir höküməti də Dyunona öz təşəkkürünü binanın qarşısına heykəlini ucaldaraq bildirib. Biz öz növbəmizi gözlədik və əzəmətli binaya daxil olduq. Muzeydə fotoparatların daxil olmağa icazə yox idi. Bunun üçün siz ayrıca 10 dollar ödəməli olursuz. Telefonla çəkil çəkməyin isə qadağan olduğunu bildirdilər. Ancaq biz üzümüzə salıb muzeydən bir neçə foto çəkməyi bacardıq.

Tarixi binada Tutankhamunun 11 kq çəkidə qızıl maskasını, Amenemopenin heykəlini, mumyaları gördük. Əlbəttə, vahimə bizi öz cənginə almışdı. 

Suyu içməli, sahili varlılan yaşadığı uca binalarla zəngin olan Nil çayı.

Yolumuzu dünyanın ən uzun çayına salırıq. Mustafa Qahirəni pisləməyə davam edir. Bələdçimiz deyir ki, şəhəri zibilxanaya çevirmək Misir xalqının mentalitetidir. Onlar öz ölkələrinə ziyan verməyi çox sevirlər. O, binaların belə dağınıq olmağının səbəblərini də açıqladı. Mustafa deyir ki, hər ailə burada bir bina tikdirir və öz nəslini bu binada mənzillə təmin edir, vergi ödəməmək üçün yaşayış məskəninin xarici görüşünüşünə önəm vermir. Binadakı mənzillər isə dəbdəbli hazırlanır, Cənubi Afrikadan çıxarılan almaz kimi parlaq və cəlbedici qurulur. 

Nəhayət ki, Nil çayına çatdıq və biz yarım saat ərzində bu ərazini səyahət edəcəyik. Onu deyim ki, paytaxtın tək əzəmətli binaları bu çayın sahilində cəmləşib.  Misirin ən varlı insanları burada yaşayır. Mustafa bizə bir binanı xüsusilə vurğulayır və deyir ki, həmin bina şeyxlər diyarıdır. Hər bir varlı şəxs öz evinə şəxsi maşını ilə qalxa bilər. Hündürmərtəbəli binadan sonra təmiz suyu ilə seçilən Nili kəşf etməyə başlayırıq. Hər növ balığın üzdüyü çaydan sonrakı dayanacağımız uşaqlıqdan arzuladığımız pramidalardır.

Südün bir günə qatığa çevrildiyi, içərisində  5 həftə qalmış suyun lasyon olduğu ehramlarla tanışlıq...

Pramidaların Misirin Giza ərazisindədir. Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə inşa edilib. Ehramlarla tanışlıq üçün giriş haqqı təxminən 5 dollardır. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır. Onu da deyim ki, həmin ərazidə dələduzluq da baş alıb gedir. Belə ki, həmin ərazidə turistlərin aldadılması halları çoxdur. Misirlilər turistə yaxınlaşaraq 1 dollar müqabilində dəvəyə minməsini təklif edir. Dəvə yırğalana-yırğalana ayağa durana kimi insan xüsusi adrenalin yaşayır. Daha sonra onu yerə endirmək üçün 40 dollar tələb edirlər. Ya sən dələduzun istədiyi məbləği verməli olacaqsan, ya da 50 dərəcə istinin altında dəvəyə yapışmış vəziyyətdə qalacaqsan.

Bundan əlavə, suvener satıcıları qonaqlara öz məhsullarını çox yaxşı sata bilirlər. Ehramlara doğru gedirsən, biri sənə yaxınlaşır, şəkil çəkdirir, daha sonra etnik bir paltar göstərir, pulsuz geyinməyini xahiş edir. Sən də geyinib bol fotolar çəkdirirsən, bu maraqlı şəkillər daha sonra burnundan gəlir. 5 satıcı sənə deyir ki, paltarı geyinmisən, pulunu verməlisən. Nə deyək, bu da ticarətin bir növüdür. Çatdıq pramidalara...Istidən qovrulmuş vəziyyətdə ehramlara yaxınlaşıdırq.

Tam bir möcüzələr diyarında olduğumun fərqinə varmışdım. Xəyalımda arzuma çatmışdım, bura barədə daha çox məlumat almaq, çoxlu şəkillər çəkdirmək eşqinə düşmüşdüm.  Öyrəndim ki, ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir. Bundan başqa, pramidanın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək olurmuş. Burada qalan yeməklər heç bir qoxu vermədən mumiyalaşır. 

“Dəhşətli ata”, turistlərin qaşınmasına səbəb olan firon mumiyaların boş qalmış evləri...

Misirdə yerləşən piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün onlar “Dünyanın yeddi möcüzəsi"”ndən biri kimi qeydə alınıb. Ehram arasında ən böyüyü Xeopsdur. Tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunub. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Bundan sonra pramidalara girmək istəyimiz başımıza bəla oldu. Bir neçə metr dərinliyə girdik, havasız, qəribə qoxunun olduğu boşluğa daxil olduq. Təsəvvür edin, neçə illərdir fironların cansız bədənin yerləşdirildiyi ərazidə idik. Çıxışdan sonra bir qədər halımız pisləşdi və qaşınmağa başladıq. Bunun səbəbini dəqiq bilmədik. Turist yoldaşlarımız ehramların içərisində kiçik həşəratların olduğunu ehtimal edirlər.  Hər halda, bu qaşıntı bizi düz iki gün öz cənginə aldı. 

Son dayanacağımız “Dəhşətlər atası” Sfinksdir. Bu, Qədim Misir mifologiyasına görə qoruyucu tanrı (başı insan, bədəni şir) adlanır. Sfinks pradimadalardan bir qədər aralıda yerləşir. Onun ətrafında suvenir mağazaları qurlaşdırılıb, qarşısına isə böyük teatr tikilib. Onun solunda isə qədim misirlilərin fironları, tacirləri mumyaya çevirdikləri məkan yerləşir. Bələdçimiz Mustafa insanın içalatının töküldüyü quyuları, duzlandığı əraziləri göstərir və Sfinkslə tanış edir. 

Bəli, Qahirəylə tanışlığımız bu qədər, bizi daha 8 saat yol gözləyir. Qahirə gəldiyimiz əziyyətlə də geri döndük. 

Yerli əhali üçün 5 ulduzlu oteldə pulsuz istirahət, hicablı xanımların “zaqar”ı və ərəb natəmizliyi

Səhər təxminən 9-da  Şarm Əl-Şeyxə çatdıq. Düzü, Qahirə ilə müqayisədə bu ərazi çox təmiz, insanları sivil və maraqlıdır. Bir tək Qahirədən gələn qonaqlardan başqa... Bunu mən yox, otelin əməkdaşı Bryan deyir. Misirli yeni dostumuz söyləyir ki, Misir höküməti yerli əhali üçün 5 ulduzlu otellərdə pulsuz istirahət şansı verir və bizim şansızlığımız bu oldu ki, onların Əl-Şeyxə gəldiyi bir dövrdə istirahət etdik. Səhər otelin təmiz görürsən, bir neçə saat sonra isə yeməkxanada yeməklərin yerdə üzdüyünü, suyun pilləkənlərdən aşağı axıdıldığının şahidi olursan.

Üstəgəl onların bu natəmizliyinin cəzasını da turistlər çəkir. Onlara görə yeməklər aşağı səviyyədə bişirilir, axı onlar yerli turistdirlər. Yeməklər dadsız, çörək şirin, menyu kasad... Hələ üstəgəl mavi dənizin "qara rəng"ə bürünməsi insanda fərqli hisslər oyadır. Onlar çarşabda Qırmızı dənizin dadını çıxmağa çalışan yerli misirlilərdir. 

Əl-Şeyxlə vidalaşma, yaddaşlara həkk olunan səyahət...

Nə qədər çətin olsa da, biz bu cənnətlə vidalaşmalı oluruq. Səyahət barədə səhifələrlə yazmaq, günlərlə danışmaq olar. Amma sizə məsaləhətim, yüz yazımı oxumaqdansa, bir Misirə səyahət sizə kifayətdir.  

Elvin Elxan