Partiya hökumətə müraciət etdi

partiya-hokumete-muraciet-etdi
Oxunma sayı: 641

Bu barədə “Qafqazinfo”ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Bəyanatda deyilir: «BAXCP İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə viza üçün müraciət edən Azərbaycan vətəndaşlarına münasibətdə nümayiş etdirilən aşağılayıcı davranışları, viza verilməsi prosedurunun kobud şəkildə pozulması ilə müşaiyət edilən hərəkətləri qətiyyətlə pisləyir.

Əksəriyyəti İrana daha öncə müalicə aldıqları həkimlər tərəfindən təyin olunmuş zaman çərçivəsində səfər etmək məcburiyyətində qalan, yaşlı və xəstə insanlara, qadınlara qarşı İİR-in Azərbaycandakı səfirliyinin göstərdiyi münasibət İslam dininin müqəddəs və bəşəri dəyərlərilə, insanlığa bəxş etdiiyi humanizm prinsiplərilə ziddiyyət təşkil edir. İran İslam Respublikası adlanan ölkənin bütün müsəlmanlar üçün müqəddəs sayılan, hətta qeyri-müsəlmanların belə sayğı duyduğu bir vaxta – müqəddəs Ramazan günlərində müsəlman azərbaycanlılara zülm etməsi bir daha sübuta yetirir ki, «İslam Respublikası» adına iddia edən bu dövlət islam dinindən yalnız öz siyasi məqsədləri üçün yararlanmağa cəhd göstərir və bu ölkəni idarə edən farsa-molla rejimi üçün müqəddəs sayıla biləcək heç bir dəyər yoxdur. BAXCP İran rejiminin hərəkətlərini panfarsizmin faşizmdən daha ağır və mürtəce təzahürü kimi dəyərləndirir, İslam Konfransı Təşkilatına üzv olan dövlətləri, bütün müsəlman dünyasını dinimizdən öz siyasi məqsədləri üçün istifadə edən İranın müqəddəs Ramazan ayında müsəlman azərbaycanlılara qarşı həyata keçirdiyi iyrənc siyasəti qətiyyətlə pisləməyə çağırır».

BAXCP-nin bəyanatında Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisi ilə yalnız hava yolu vasitəsilə və İran ərazisindən keçməklə əlaqə yarada bilən Naxçıvan Muxtar Respublikası sakinlərinin qarşılaşdıqları problemlərdən də söz açılıb. Bəyanatda Azərbaycan hökuməti bu problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırılır: «Azərbaycan hökuməti xarici ölkələrin infrastrukturunun yenidən qurulmasına yüz milyonlarla dollar kredit ayırmaq əvəzinə Bakı-Tiflis-Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı görülən işlərin tez bir zamanda başa çatdırılmasının qayğısına qalmalı, ölkə vətəndaşlarını etibarsız və Azərbaycan Respublikasına düşmən münasibət bəsləyən İranın ümidinə qoymamalıdır».