“Polisin fəaliyyətində qaranlıq məqamlar çoxdur”

polisin-fealiyyetinde-qaranliq-meqamlar-coxdur
Oxunma sayı: 632

“Qafqazinfo” xəbər verir ki, tədbirdə yol polisinin fəaliyyətindəki neqativ hallar müzakirə olunub və bu problemlər haqda aidiyyatı dövlət orqanlarının məlumatlandırılmasının vacibliyindən danışılıb.Tədbirin sonunda Azərbaycan Respublikası Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinə yol polisini fəaliyyətindəki boşluqlara dair məktub göndərilməsi qərara alınıb. Məktubdan çıxarışı sizlərə təqdim edirik.

Dövlətimiz bu gün inkişaf edir. İstər xarici, istərsə də daxili sistemdə olan inkişaf hər bir vətəndaşı sevindirir. Amma təssüflər olsun ki, boşluqlardan da yan keçə bilmirik.Ölkəmizdə daim inkişafda olan sistemlərdən biri də nəqliyyat sistemidir. Nəqliyyat sistemində sabitliyin qorunması, düzgün nizamlanmasında isə yol polislərinin rolu əvəzsizdir. Lakin bəzi yol polislərinin düzgün olmayan fəaliyyəti nəqliyyatda boşluqların yaranmasına səbəb olur. Çox təssüflər olsun ki, bu gün nəqliyyatın tənzimlənməsi sistemində və yol polislərinin fəaliyyətində çox ciddi problemlər vardır. İlk öncə şəhərdəki tıxaclardan danışmaq istərdik. Günün pik saatlarında Dərnəgül, Bülbül, Q.Qarayev, Babək və bu kimi əsas prospektlərə yolu düşən maşınların gününə ağlamaq lazım gəlir. Bu tıxaclardan 50 metr aralıda dayanmış yol polislərinin tıxacda hansı sürücünün qayda pozmasını gözləməsi isə çox təssüf doğuran haldır. Biz Eurovision müsabiqəsi keçirildiyi vaxt şəhərdə nəqliyyatın çox yüksək səviyyədə işlədiyinin şahidi olduq. Demək ki, əgər vəzifə məsuliyyətini polislərimiz daim üzərilərində daşısalar bu problemlər yaşanmaz. BŞBPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun daim televizorda olan fəaliyyəti çıxışları ilə yol polisi fəaliyyətində olan neqativ halları həll etməyə çalışsa da, qaranlıq məqamlar çoxdur.Və bu sahədə qeyri rəhbər işçilər də lazimiyca çalışsalar bu problemlərin həlli daha tez tapılar. İkinci məsələ yol polisinin yol hərəkəti qaydalarına riayət etməməsidir. Yeri gəldikdə onlar qədər sürət həddini aşan, qoşa xətti kəsib keçən və s. qaydaları pozan yol hərəkət iştirakçısı yoxdur. Sanki özlərini bahalı bir atın belində Cıdır düzündə hesab edirlər və vətəndaşlara nümunə göstərirlər. Onlara baxanda anlamaq olmur ki, qanun hər bir vətəndaşa aiddir, yoxsa, bahalı atı olanlara qanunda özəl bölmələr var.

Bu məktubu yazmaqda məqsədimiz nəqliyyatda sistemində hər şeyin heç də yaxşı olmadığını qeyd etməkdir. Bir vətəndaş və ictimai birlik olaraq dövlətimizin daha da inkişaf etməsi və yüksəlməsi naminə belə neqativ halların diqqətinizə çatdırılmasını özümüzə borc bilirik. Cənab prezidentin dövlətimizi inkişaf etdirməsi yolunda yürütdüyü siyasətə dəstək olaraq bu kimi problemlərin işıqlandırıb həll yolunu tapılmasını istərdik. Və kimliyindən asılı olmayaraq hər bir vətəndaşı dövlətin ətrafında sıx birləşərək qanunlara riayət etməyə çağırış edirik.