Problemlərin mətbuata çıxarılmadan həlli - JEM-in layihəsi

problemlerin-metbuata-cixarilmadan-helli-jem-in-layihesi-
Oxunma sayı: 648

Jurnalist Ekspert Mərkəzi (JEM) növbəti layihəyə start verir. Prezidentin yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən 3 aylıq layihənin adı belədir: “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin problemlərini mətbuata çıxarmadan rəsmi qurumlara təqdim etmək”.

JEM sədri Ceyhun Musaoğlu əməkdaşımızla söhbətində layihənin mahiyyətinə aydınlıq gətirib. O deyib ki, qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələri cəmiyyətin həssas təbəqəsi olduğundan onların problemlərinə daha diqqətlə və qayğıyla yanaşmaq vacibdir: “Müharibə əlillərinin fiziki, şəhid ailələrinin mənəvi, veteranların isə torpaqlarımız hələ də işğalda olduğuna görə, ruh düşkünlüyü problemi var. Onlar maneələrlə qarşılaşanda, müxtəlif səbəblərdən süründürməçiliyə məruz qalanda başqalarından fərqli olaraq tez ruhdan düşə bilərlər. Belə halların təkrarlanması onlarda cəmiyyətə qarşı incik ovqata köklənmələri ehtimalını artırır”.

JEM sədrinin sözlərinə görə, imtiyazlı təbəqədən olanlar sosial rifahlarının yaxşılaşması üçün qəbul edilən qanunlardan, ölkə başçısının sərəncamlarından, tövsiyyə və tapşırıqlarından daha geniş şəkildə bilgi əldə etsələr, problemlərinin həllinə asanlıqla nail olarlar: “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin media ilə əlaqələri həm çox zəifdi, həm də düzgün qurulmayıb. Əksər hallarda media onların problemlərini araşdırmadan, birtərəfli şəkildə qabartamağa çalışır. İmtiyazlı təbəqənin təmsilçiləri hüquqlarını bilmədiklərinə görə gileylərində haqlı olduqlarını düşünürlər. Dərc olunan yazıda mövqeyi öyrənilən qarşı tərəf də iradları qəbul etmir. Nəticədə isə heç nə hasil olmur, əksinə ictimai fikirdə çaşqınlıq yaranır. Elə təəssürat formalaşır ki, sanki qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinə hökümət dırnaqarası münasibət göstərir. Əslində isə belə deyil”.
Layihənin məqsədinin problemlərin mətbuata çıxarılmadan həlli olduğunu deyən C.Musaoğlu artıq Qaynar xətt yaratdıqlarını bildirib: “Əhalinin imtiyazlı təbəqəsinin nümayəndələri problemlərini mətbuata çıxarmadan JEM-in Qaynar xəttinə müraciət edir, biz də onları müvafiq qurumlara ünvanlayırıq. Xahiş edirik ki, həmin müraciətlərə 10 gün ərzində cavab verilməsi, yaxşı olar ki. müsbət cavab verilməsi təmin olunsun. Artıq 20 nazirlik və komitəyə layihəmizin məqsəd və məramını göstərən məktublar göndərmişik. Onlardan xahiş edirik ki, bizimlə əməkdaşlıq etsinlər. Hər ayın sonunda isə gördüyümüz işin hesabatını verəcəyik. Layihə 3 aydan sonar başa çatanda ictimaiyyət üçün geniç mətbuat konfransı keçiriləcək”.
JEM sədrinin fikrincə, sosial problemlərin geniş sferada qabardılması cəmiyyətin inkişafına əngəl törədən amillərdəndi: “Məqsəd problemi həll etməkdirsə, buna mətbuatda işıqlandırmadan da nail olmaq mümkündü. Ölkənin inkişafını istəməyən xarici qüvvələr var ki, bu ilin siyasi baxımdan daha həssas il olduğundan istifadə edib, dövlətçiliyimizə süni problemlər yarada bilərlər. Hər kəs nədənsə narazı ola bilər. Bu narazılığı şişirdəndə xoşagəlməz hadisələr yaşanar. Amma həmin narazılğın səs-küy salmadan həllinə çalışmaq sabitliyə daha təkan vermiş olar. Düşünürük ki, imtiyazlı təbəqənin problemlərini mətbuata çıxarmadan, bir başa müvafiq qurumların diqqətinə çatdırmaqla daha uğurlu bir iş görə bilərik”.
Qaynar xətt: (012) 5385131; (050) 6636324