““Qarabağ”la matçda geridönüşə inanıram” - “Olimpiya”nın prezidenti

qarabagla-matcda-geridonuse-inaniram
Oxunma sayı: 1308

"İlk oyunda minimal hesabla məğlub olsaq da, ümidimizi itirmirik. Cavab görüşünə nikbin yanaşırıq". “Qafqazinfo” xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç deyib.  

Klub rəhbəri bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri cavab görüşünü dəyərləndirib.  O, növbəti mərhələyə vəsiqə qazanacaqlarına inandıqlarını bildirib: "İlk oyunda pis təsir bağışlamamışdıq. Hətta qələbə qazanmaq üçün şanslarımız da var idi. Bakıda daha yaxşı oynamağa, sərfəli nəticə qazanmağa çalışacağıq. Geridönüş edə biləcəyimizə inanıram. Ancaq mərhələni keçə bilməsək, bu, dünyanın sonu olmayacaq.  Çünki Avropa Liqasında oynamaq və irəliləmək şansımız olacaq". 

Mandariç ilk matçda qırmızı vərəq alan Abbas İssah və heyətə salınmayan Anders Vomberqarın yoxluğuna da münasibət bildirib: "Geniş və mübarizə aparacaq gücdə olan heyətimiz var. Yenilərdən biri sağlam, möhkəm oyun göstərəcək. Müdafiə və hücum xəttimiz güclənəcək. Oyunda daha artığını görəcəksiniz”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiya" oyunu 21:00-da start götürəcək.