Qazonlar xəstəlik yayır?

qazonlar-xestelik-yayir
Oxunma sayı: 2132

Nadir Qocabəyli

Bu il yazın burnu girəndən bəri əcaib bir problemlə üzləşmişəm. Nübar kimi aldığım, xoş qoxusundan və dadından ləzzət alacağımı xəyal edə-edə evə gətirdiyim bəzi tərəvəz və meyvələri kəsdikdən və ya dişlədikdən sonra ürəyimi bulandıran iyrənc iylər hiss edirəm.

Türkiyə ilə aramız açılandan, gediş-gəlişimiz bərpa olunandan sonra adı daha çox təhqir və lağlağı predmeti mənasında işlənən çox dadlı, faydalı, qoxusu insanı cana gətirən, təzə və duza qoyulmuş halda süfrələrimizin əvəzedlməz neməti olan, hətta kosmetika və ətriyyat sənayesində geniş istifadə olunan “xiyar” adlı tərəvəzi sevməyən və yeməyən insan tapılmaz. Mən hətta türkiyəli qardaşlarımızın dodaqlarının onun adı gələndə niyə qaçdığını, bu mənasız və düşük zarafatın niyə bizə də ildırım sürətilə keçdiyini hələ tam anlamış deyiləm. Türkiyədə onun adını çəkmək belə ayıb, mədəniyyətsizlik, gerilik sayılır, gərək “salatalık” (yəni salatlıq) deyəsən, “xiyar”, ya da “hiyar” desən, ətrafdakı hər kəs şit-şit hırıldayacaq, ən mədəni insanların çöhrəsi belə hiss olnacaq dərəcədə genişlənəcək. Belə çıxır ki, salat ancaq elə xiyardan olurmuş, pomidor, bibər, soğan, göy-göyərti salatlıq deyil, onların özü demişkən, “salaklık” imiş.

Nə isə, yazın əvvəlində mağazadan digər tərəvəz və meyvələrlə birlikdə bir kilo xiyar da alıb, sevincək evə gəldim. Kompüterimin qarşısında əyləşib, günorta yeməyinin iştah açan qoxusuna, xiyar salatının gözəl ətrinin qoşulacağını səbirsizliklə gözləyərkən, burnuma qəfil insanın iştahasını küsdürən, əhvalını korlayan ürəkbulandırıcı bir iy gəlir. “Bu nədir?” – soruşdum. Evdəkilər çaşıb qalırlar. Əslində xiyar qoxusu gəlir, amma bu həmişəki gözəl, nəfəs genişləndirən, ovqat qaldıran yox, bunların hamısının əksini edən üfunətə bərabər bir şeydir. Elə bil, xiyarın iyinə, ucuz və köhnə broyler toyuq budu qızartmasının iyrənc qoxusu qarışıb, ya da köhnə və keyfiyyətsiz hisə verilmiş balıq qoxusu...

Bu hadisədən sonra harada xiyar gördümsə, sındırıb iyləməyə başladım və təəssüf ki, hamısında eyni iyrənc qoxunu hiss etdim. Az sonra hamımızın çox sevdiyimiz Naxçıvan göycəsində də eyni şeyi hiss etdim. Bir müddətdən sonra qarpız çıxdı və onun mənə bağışladığı təəssürat əvvəlkilərdən daha pis oldu. Qarpızı kəsirsən, burnuna yağış zamanı torpaqdan qalxan nəmişlik, ilbiz, yosun, çiy balıq qoxusu gəlir.

Məni son dərəcə narahat edən bu məsələni danışdığım adamların çoxu üzümə key-key baxır, bəziləri laqeydcəsinə təsdiqləyirdilər. Sosial şəbəkələrdə bu haqda yazdığım statuslara da reaksiyalar çox zəif oldu. Hamı qır-qır peşindədir.

Elə bildim, nəsə bir xəstəliyə yoluxmuşam. Ancaq eyni şeyi hiss edən daha bir neçə həmfikrin tapılması, şübhələrimi azaltdı. Sonra rayona yolum düşdü. Yemək zamanı ilk işim süfrədəki salatdan dərhal bir xiyar dilimi görtürüb iyləmək oldu. Qəribəydi, heç bir pis qoxu yox idi. Normal, gözəl xiyar ətri. Dişləyib yedim, dadı da əla idi. Sevincimin həddi-hüdudu yox idi. Axı bu necə ola bilərdi? Məgər meyvə-tərəvəzin çoxunu Bakıya elə rayonlardan aparmırlar? Öz-özümə cavabım bu oldu ki, yəqin hələ hamısını zəhərləməyə imkan tapmayıblar və kənddə yediyim xiyar camaatın satmaq üçün deyil, özü üçün əkib-becərdiyi məhsuldandı.

Növbəti gedişimdə rayondakı qarpızları da qoxlayıb dadına baxdım, normal idilər. Bakıya gəldim, yenə iyrənc qoxu. Arada bir neçə gün Şimali Osetiyanın paytaxtı Vladiqafqazda oldum. Orada da Bakıdakı durumun eynisini müşahidə etdim: xiyarlar və qarpızlar iyrənc qoxuyurdu.

Bu günlərdə Sabirabad ərazisindən keçərkən bir qarpızsatan kişiylə bu haqda söhbət etdim. Dedi ki, havadandı, yəni hava ilə əlaqədardır. Doğrudan da, bu müddət ərzində olduğum bir neçə rayonda yediyim qarpızlarda və xiyarlarda bunu hiss etməmişəm.

İki gün öncə qəribə bir şey kəşf etdim. Həyətimdəki əncir ağacından bir əncir dərib, yudum və bir dişdəm vurmuşdum ki, burnuma həmin qoxu gəldi. Xoşagəlməz dad təxminən bir saat ağzımda qaldı. Mən ki bu əncir ağacına heç bir dərman, preparat vurmamışam. Deməli, sabirabadlı kişi haqlıdır, havadandır. Eyni meyvəni və ya tərəvəzi rayon ərazisində kəsəndə normal qoxuyur, şəhərə gətirəndə isə buranın havası ilə reaksiyaya girib iyrənc qoxu əmələ gətirir.

Bəs şəhərin havasını bu hala salan nədir? Zavodlar, fabriklərdirsə, əvvəllər onların sayı indikindən az deyildi, maşınların tüstüsüdürsə, bu da həmişə olub, qlobal ekoloji fəlakətdirsə, niyə ancaq böyük şəhərlərə təsir göstərir? Hər nədirsə, bunun cavabını əlaqədar qurumlar, mütəxəssislər verməlidir. Biz yazarların borcu isə onları mövcud problemlər, təhlükələrlə bağlı uyarmaq, xəbərdar etməkdir.

Ancaq mütəxəssis olmasam da, məni son dərəcə narahat edən bu problemin səbəbini, deyəsən, dünən şəhərdə ikən tapdım. Nobel prospekti ilə gedərkən yolun kənarına əkilmiş yaşıl qazonun biçildiyini gördüm. Və ətrafa xiyardan, göycədən, qarpızdan, almadan, əncirdən vuran ürəkbulandıcı, iyrənc qoxu yayılırdı.

Məncə, səbəbi çox güman ki, xaricdən alınıb gətirilən keyfiyyətsiz və böyük ehtimalla xəstəlik, fəlakət yayan həmin qazon toxumlarında axtarmaq lazımdır və unutmaq olmaz ki, havanın korlanması təkcə kasıblar yox, o ziyanlı toxumları alıb ölkəyə gətirənlər də daxil, hamı üçün xəstəlik mənbəyidir.