Qənirə Paşayeva Türkiyədə Şuşadan danışdı

qenire-pasayeva-turkiyede-susadan-danisdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Türk Dünyası ilə bağlı keçirilən tədbirdə ilk olaraq millət vəkili Qənirə Paşayevanın ideya müəllifi və baş məsləhətşisi olduğu “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi də nümayiş etdirilib. Filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKSAM-ın prezidenti Sinan Oğan Ermənistanın 20 il əvvəl Azərbaycanın qədim Şuşa şəhərini işğal etməsi barədə geniş məlumatlar verib.

Ermənistanın işğal etdiyi Şuşa şəhərində Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Şuşada tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir çərçivəsində “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminın və Xocavənd rayon icra hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri və Şuşa ilə bağlı materiallar tədbir iştirakçılarına paylanılıb.