Qiyamətin 64-cü əlaməti

qiyametin-64-cu-elameti
Oxunma sayı: 716

Hər şey lider vətənimizdə baş verən dəhşətli dərəcədə qəribə hadisələrdən asılıdır. Kainatın bu tempə-şiddətə dözməsi artıq mümkün görünmür.

Türməyə düşən məmurların vəzifədə olanda yox, nədənsə məhz qazamatda yada salıb dördəlli sarıldığı dini kitabların çoxunda qiyamətin 57 əlamətinin olduğu yazılır. Bəzən 60 da deyirlər, 70-ə yaxın da. Kəsəsi, dəqiq sayı heç kim bilmir. Bir kitabda oxuduğum 63 rəqəminə isə çox inanıram. O əlamətlərin bəzisi yadımda qalıb. Hamısı da indi baş verənlərə uyğun gəlir. Bir-ikisini deyim, özün də yoxla.
Qiyamətin bir əlaməti odur ki, ondan az əvvəl elm məhv olacaq. 100 faiz uyğun gəlir. Bunu AMEA da təsdiq edə bilər.

İmarətlər xaraba qalacaq. Qubada icra başçısının yandırılan villasını xatırla.
Quran oxuyan adamlar məmurları, əmirləri tərifləyəcək. Şərhsiz.
Məmurlara yaltaqlanıb onlara təzim edəcəklər. AzTV-yə bax.
Kasıblar təhqir və xar ediləcək. Gündə rastlaşdığımız şeydir.
Musiqi, çal-çağır, mahnı oxuyan qadınların sayı və hörməti artacaq. TV-lərə bax. ATV-də hətta “Çal-çağır” adlı veriliş də var. Bu qadınlar hökumətdən xalq artisti adı, prezident təqaüdü, mənzillər də alır üstəlik.
Binaları hündür tikəcəklər. Nazirlərin şirkətləri saniyən bu işlə məşğuldur, yarış gedir.

Haram əhli haqq və halal əhlinə hakim olacaq. Göz önündədir.
Zalım məmurlara daha yüksək vəzifələr verəcəklər. Generalların ulduzlarını say.

Məscidləri bəzəyib zinətləndirəcəklər. Bizdə təkcə elə birinin bəzəyinə 35 milyon getdi.

Adamlara bir şey versən - təşəkkür, verməsən - nankorluq edəcəklər. Xalq artist və yazıçıları da buna misaldır.

Uşaqlara rəhm etməyəcəklər. Yaxşısını Ailə, Qadın və Uşaq Dövlət Komitəsi və uşaq təşkilatının müdiri Gülər Əhmədova bilir.

Lüt-üryan qadınların, fahişələrin sayı artacaq. Şübhəmiz yoxdur, belədir. Onlar xalqa üstəlik hələ mənəviyyat öyrədir, əxlaq dərsi də keçir.
Böyüklərə hörmət etməyəcəklər. Metroya-avtobusa min, özün də görəcəksən.

Böyüklərin işlərini uşaqları idarə edəcək. Nazirlərin, generalların biznesini idarə edənlər bu dəqiqə elə öz balalarıdır. Anar Məmmədov “ZQAN” holdinqi atasından ad günü hədiyyəsi alıb.

Qonşularla dava edib onları söyəcəklər. Məhkəmələrdə qonşu davasına aid minlərlə iş, türmələrdə qonşu bıçaqlayan yüzlərlə adam var.
Yolları kəsib bağlayacaqlar. Ziya Məmmədov, Cavid Qurbanov, Hacıbala və yol polisindən soruş, sənə uzun siyahı versinlər.

Gömrükdə işləməyə həvəs və axın çoxalacaq. Baaa... Ən dəqiqi budur. Bizdə 100 faiz belədir. Orada işə düzəlmək üçün evini satanlar, bankdan kredit götürənlər var.

Alimlər azalacaq, məmurlar çoxalacaq. Dövlət qulluğu üzrə komissiya da, AMEA da bilir ki, dəqiq belədir.

Əmirlər, yəni icra başçıları ən xəbis, pis adamlardan olacaq. İzahsız.
Camaat falçı və münəccimlərə inanacaq, elmə və taleyə yox. Bu dəqiqə İlham Mirzəyevin, görücü Məlahətin hörməti bütün AMEA-dan çoxdur və s...
Qısası, əlamətlər çoxdur, hamısını saymaq olmur. Üstəlik savadlı mollalar deyir ki, hələ 5-6 açılmayan əlamət də var, onlar heç kəsə bəlli deyil. Mən ikisini təzəlikcə tapmışam. Biri elə YAP-ın məşhur və müdrik ictimai-siyasi fiqurlarından olan keçmiş deputat Baba Tağıyevin son bəyanatı.
Adam lapdan, tam qəfildən, buna heç bir səbəb, ehtiyac və izah olmadan, tam dəxilsiz yerə dərin geopolitik şərhlər verir. Yaxın Şərqdə olanları izah eləyir, Qəzza-Fələstin-Suriya-İran-İsrail söhbəti fırladır. Səncə, bu, qiyamətə dəlalət eləmir? Məncə, eləyir. Nöşün ki, 5 il parlamentdə oturub ağzını açmayan bu adam əslində qapı ustasıdır, siyasət yox. Amma gedib “Avropa qapıları”na cəftə-petlə qoymaqdansa Asiyaya dair geosiyasi şərhlər verir. Çaş-baş qalan dünya buna dağılmasın da başına nə daş salsın?!

Yaxud YAP-ın vuran əli, görən gözü - keçmiş deputat, indiki Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova. Onun hələ də həbs edilməməsi, “qanun” sözünə gülməsi qiyamətin bu əlamətini yaradır: “Kişilər qızıl-gümüşlə bəzənəcək, hökmü isə qadınlar verəcək”.

Əgər Baba bəy taxtanı yerə atıb Yaxın Şərq haqda bu həftə də analitik şərh versə, mümkündür qiyamət lap tezləşsin. Dünya dekabrın 21-də yox, lap elə 12-də, uzağı 15-də dağılsın. Amma bunun üçün gərək Qaralov da bizdə korrupsiyanın yerli-dibli olmadığını üç dəfə bərkdən desin...