"17 prokurorluq işçisi məsuliyyətə cəlb edilib" - - Zakir Qaralov

quot17-prokurorluq-iscisi-mesuliyyete-celb-edilibquot-
Oxunma sayı: 2353

     

 “Qafqazinfo” xəbər verir ki, müşavirə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib: “Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi Forumuna (Davos Forumu), II Ümumdünya Mədəniyyətlərarası Dialoq Formuna və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi,  Azərbaycanın süni peyki olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub”.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. 

2013-cü ilin birinci yarısında Daxili İşlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınan 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib. 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olub 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanıb, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.

2013-cü ilin birinci yarısında 17 prokurorluq  işçisi  xidməti və  icra intizamını pozduğuna görə  intizam məsuliyyətinə cəlb edilib. 

Əməliyyat müşavirəsində cari ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.