"Xanım, çox sexi dodaqların var…"

quotxanim-cox-sexi-dodaqlarin-varquot
Oxunma sayı: 4008




Uşaq vaxtı qonşumuz İbrahim əmigilin Bob adında bir iti var idi. Məhlənin uşaqları ilə bu iti o qədər acıtmışdıq ki, Bob hamımızın qanına yerikləyirdi.

9 yaşım vardı. Söz vaxtına çəkər, deyərlər. Elə hardasa iyun-iyul ayları idi. Atam ot biçməkdən gəlmişdi.

- Ana, nənəsinin adını daşıdığıma gorə atam məni həmişə belə çaqırardı, qaç bir az sərin su gətir, ciyərlərim yanır - dedi.

İbrahim əmigilin həyətindəki çeşmənin göz yaşı kimi dum-duru və sərin suyundan olmazdı. Su qabını götürüb çıxdım həyətə. Gördüm hava dəhşət istidi. Tənbllik edib yoldan fırlanıb getmək istəmədim. İbrahim əmigil ilə bizim həyəti bir çəpər ayırırdı. Atamın gözündən uzaq, dırmaşıb çəpərdən aşdm. Aşdım, nə aşdım... Sən demə Bobu hinindən açıb gətirib baqlayıbmışlar çəpərin dibindəki tut ağacının kölgəsinə. Bob üçün sözün əsl mənasında göydən düşmə oldum. Çəpərdən ayaqımı aşırıb təzəcə həyətə düşmüşdüm ki, bir də gördüm arxamdan mırıltı səsi gəlir. Təlaşla dönüb səs gələn tərəfə baxana qədər Bob artıq yançaqımdan bir diş götürmüşdü. O an göz-gözə gəldiyimiz Bobun sifəti, hədəqəsindən çıxmış göz bəbəkləri məni elə vahiməyə saldı ki, yançağımın ağrısını hiss eləmədim. Qişqırığıma tökülüşən qonum-qonşular birtəhər məni Bobun əlindən aldılar. O gün, bu gündür, küçədə gördüyüm cuppulu şirin küçüklərin belə yanından qeyri-ixtiyarı əlimlə yanımı tutub keçirəm.

Bəlkə çox gülməli gəlir sizə 29 yaşımda heyvan qorxum. Ama bir də bu yaşda adamlardan eyni şəkildə qorxduğumu desəm?! Gülərsiniz hə?! Siz allah, itlər duymasın. Söz aramızda. (Bir də heyvanları özümüzə güldürməyək). Gəlin, sizə bu yaxında başıma gələn növbəti “gülməli” əhvalatı danışım.

Məlumunuzdur ki, Naxçıvanın hər şeyi kimi havası da başqa havalara bənzəməz. Kontinental iqlimdə qışın sərt soyuğuna birtəhər dözmək olur. Vay o gündən ki, bu şəhərə yay gələ. Getdiyin yerdə ,şəhərin ortasındaca bütün paltarlarına üsyan edəsin gəlir. Amma belə inqilaba ürək etmək üçün diri-diri parçalanmağı gözə alman lazım...

Əşi, narahat olmayın, hardadı bizdə o inqilabçı ürəyi?! Söhbətdi də edirəm özümçün.
Bu günlərdə günəşin Naxçıvana belə özəl münasibətindən ürəklənib donuma dizdən bir qarış yuxarı etiraz elədim. Yolum Universitetəydi. Elə bil mindiyim marşrutu sürdürmüşdüm ANS-in “De gəlsin” proqramının efirinə. Qaqaşların hərəsinin altında ölüsü bir “Hyundai”, maşınların pəncərəsindən piyadalara meyxana ehsanı verirlər.

“Allah qəbul eləsin” deyib, yolumu irəliləmək istədim. Bu yolda salamat olasan deyə nə badə başını aşaqı salasan. Hələ gərək imkan olsa iki göz də yan-yörəndəkilərdən borc alasan ki, sağına-soluna keçən maşınların, ağzına girməyə çalışan piyada oğlanların arasından qurtarıb mənzil başına vara biləsən.

Yanğından çıxmış kimi özümü birtəhər universitetin yataqxanasının həyətinə çatdırdım. Burda salınmış parkın güllərinin yanından ürək ağrısız keçmək mümükün deyil. Güllərin arasını ot basmış, diblərinin torpağı susuzluqdan çatlamış, ləçəkləri yanıb yapışmışdı bir-birinə. Hələ bu ürək ağrıdan mənzərənin iki addım ötəsində, yataqxanaya qalxan pillələrə sərələnib oturmuş yanıq oğlanların yanından keçmək vardı qarşıda. Siqaret damaqlarında, qulaqcıqlar qulaqlarında, vid-fason, əzələ... Priçoska da ki, öz yerində! Yaşadıqları yataqxananın həyətində, gözlərinin qarşısında quruyan ağaclara, güllərə necə laqeyid qaldıqlarını fikirləşərdim amma gördüyüm qədəriylə bunların gözləri, ürəkləri, beyinləri, bir sözlə bütün bədən üzvləri cinsiyyət orqanlarının kölgəsində öləziyir. Yanlarına çatıb pillələri qalxanda düz yanından keçdiyim oğlanın baxışları, hədəqəsindən çıxmış göz bəbəkləri, sifətindəki hərislik, mənə 20 il bundan qabaq yançağımı qapmış Bobu xatırlatdı. İndicə üzərimə atlayacaqmış kimi bir halı vardı. Düz yanından keçəndə birdən qeyri ixtiyari əlimlə yanımı tutdum. Birtəhər içəri keçmişdim. Arxamdan səs-səsə verib hırıldaşırdılar.

Qorxduqumuz başımıza gəldi. 90-cılar böyüdü. O nəsil ki, Azərbaycan tarixinin ən qarışıq dövründə dünyaya göz açdılar. Ağılları kəsməyə başlayanda daşlar yavaş-yavaş yerinə oturmuşdu. Onların müəllim, həkim, hüquqşünas ataları sənətlərini bir qırağa atıb, ticarətlə məşqul olmağa, həyətdə butka açıb saqqız satmağa başlamışdı. Onların getdiyi məktəb süpürgə, pərdə, boya bazarına dönmüşdü. Onların yaşadığı yerlərdə kitabxana və kinoteatrların yarı sınıq qapı-pəncərələrində hörümçəklər “kristal holl” salmışdılar. Onların məhəllədə bütün günü futbol oynadıqları Elcan, Altun, Səlim, Aysel, Fidan mahnı müsabiqələrində qalib olub, şadlıq evlərində toy aparıb köşəni dönmüşdülər. Onların baxdığı efirdə Zaur şou-biznes nümayndələrinin dəbdəbəli həyatını, müqənni xanımların qarderobundakı alt-paltarlarının markasını, soyuducularındakı təamları, hamamlarındakı jakkuziləri reklam edir, seriallarda oğlanlar əmilərinin arvadıyla eşqbazlıq yaşayırdı. Dinlədikləri mahnıların sözləri təqribən belə idi: “Nəyi var, lomkaçılıqdı”, “Kayfım əladır yetim”, “Maşında yatma, ölüb eliyərsən”

Dünən vəzifəyə keçən qonşuları Əhmədin oğlu ayın sonu “Mercedess”lə məhəlləyə girirdi. 
Onların çevrələrindəki qızların qarşısına yalnız üzüklə keçmək olar. Üzüksüz ancaq dal(da) görüşmək olar.

O gün dostlarla parkda gəzişirdik. Oturacaqların birində bir oqlanla qız dünyanın əhatə dairəsindən çıxmış kimi əl-ələ, göz-gözə verib sohbətləşirdilər. Birdən hiss etdim ki, arkadaşlarım az qala bu çiftə qumruların səmimiyyətinə inanıb qibtə eləyəcəklər. 
Dedim:
- And olsun inandığım o bir Afroditaya, bu oğlanı bu dəqiqə ancaq bir şey düşündürür. “Bu qızı necə bişirib evə aparım?!”
Qızın ağlındakı:
- Bunu necə bişirib ərə gedim?!
Nəticə etibarilə hər ikisi məqsədinə çatacaq.
Dostlar güldülər. Siz isə özünüz bilin.

Və nəhayət texnologiya inqilabının Azərbaycana ən böyük töhfəsi olan internet... O internet ki, artıq bu yeniyetmələr masturbasiya üçün saatlarla fantaziyalarını zorlayıb dəridən-qabıqdan çıxmırlar. Əllərinin altındakı porno saytlar onlar üçün əsl möcüzədi. Üstünə bir də sosial şəbəkələrdəki “qız kataloqlarını” gəlsək, demək olar ki, müqəddəs kitabda vəd edilən cənnətin ta kəndisidir. 
Sosial şəbəkə demişkən, təqribən bu motivdə qarşılaşdığım bir çox qəribə hallardan sonuncusunu deyim sizə.

Adətən saytlarda gedən yazılarımı paylaşdıqdan sonra inboxuma çoxlu, müxtəlif fikir bildirənlər olur. Son yazım gedən gün tanımadığım bir oğlan yazmağa başladı. Fikirləşdim ki, yəqin yazıya münasibət bildirəcək. ”Salam” verib, “Əleyküm”ünü gözləməmiş təngnəfəs komplmentlerin birini bir qəpikdən döşədi. Mən vaxt edib təşəkkür edənə qədər artıq sohbət komplment dərəcəsini aşmışdı:
“Xanım, çox sexi dodaqların var, səninlə heç bircə defe goruşsəm dərdim olmaz, telefon nömrəni yaz” və.s.

Cavab yazmazdan əvvəl profilinə bir nəzər saldım. Anladığım qədəriylə saxta deyildi. Xeyli şəkilləri vardı. Kifayət qədər də yaraşıqlı idi. İnfosunda yazdığına görə APİ-ni bitirib, 24 yaşı var, özəl şirkətdə işləyir.

Yazdım:

“Buralarda belə avaralanacağınıza niyə daha ciddi işlərlə məşqul olmursuz?”

Gülüş smayliki qoyub yazdı:

“Bütün günü işdə yorğun oluram. Buraya da dincəlmək üçün girirəm. Həm də burda başqa neyləmək olar ki, özü də ciddi?!”

Təbii ki, söz tapammadım.

Bu gəncliyin yanından virtual dünyada susaraq, həyatda isə ancaq yanını tutaraq keçmək olar…