Rəqsanənin keçmiş sevgilisinə qarşı yeni ittiham

reqsanenin-kecmis-sevgilisine-qarsi-yeni-ittiham
Oxunma sayı: 2286

Özünü müğənninin rəfiqəsi kimi təqdim edən Raziyə Nəsibova Rəqsanənin keçmiş sevgilisi olduğunu iddai etdiyi Faiq Azayev və onun qardaşı Fəridlə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət edib.

Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, R.Nəsibova şikayətində Faiq və Fərid Azayevlər tərəfindən möhkəm döyüldüyünü deyib. Şikayətdə göstərilir ki, qardaşlar onu “Hummer” markalı maşına soxaraq döyüblər. Şikayətçi hər iki qardaşın həbs olunmasını tələb edir.

Hazırda faktla bağlı polis bölməsində təhqiqat araşdırma aparılır. Qardaşlar ifadələrində göstəriblər ki, Raziyə onlara şər atır. Çünki qadının döyüldüyü iddia olunan vaxtda Faiq və Fərid bir yerdə olmayıblar. Faiq ifadəsində göstərib ki, həmin vaxt Şəmkirdə olub.

F.Azayev ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadığını da ifadəsində vurğulayıb. O, fikrini belə əsaslandırıb ki, guya R.Nəsibovanın şikayətinin əsl məqsədi Rəqsanənin dələduzluğu ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə etdikləri şikayəti geri götürmələri üçün hazırlanmış planı gerçəkləşdirməkdir.

Rəqsanə isə Milli.Az-a bildirdi ki, özünü rəfiqəsi kimi təqdim edən Raziyə Nəsibovanı tanımır və tanımadığı adam haqda danışmaq istəmir.

Qeyd edək ki, bir müddət əvvəl də müğənni Rəqsanə ilə bağlı onun sabiq prodüseri, habelə Faiq Azayev tərəfindən polisə şikayət verilmişdi.