Şaxta Babalarımız qızlara söz atır

saxta-babalarimiz-qizlara-soz-atir
Oxunma sayı: 2079

Azər Qismət

İt ili gəlir. Babalarımız keçmiş günləri xatırlayanda deyirlər ki, filan hadisə it ilində olmuşdu. İt ili uzaqlıq mənasındadır. Özü də it ili deyəndə əllərini də yelləyirlər. Təxminən belə: eyyy. Ya da belə: ehhh. Son vaxtlar ”eh” kəlməsini çox işlədirlər. “Eh” köhnə sevginin, hansısa xatirənin həsrəti deyil. Hərçənd əvvəlki illərdə belə idi. İndi “ehhh” başqa status daşıyır, nədənsə narazı qalmaq mənasında. Bu yazıdakı “eh”im xalqın milli tərzində yer alan bir xüsusiyyət barədədir. 

Dediyim kimi Yeni il gəlir. Şaxta Babalar görməli yerlərimizdə Qar qızla zarafatlaşıb uşaqlarla şəkil çəkdirirlər, siqaret çəkib körpələrin Laplandiya qocası barədəki xəyallarını bir anda puç edirlər, gəlib-gedən qızlara söz atmaqla anladırlar ki, xoş nağıllara aldanmayın. Qoca ildə bir dəfə evindən çıxıb komaların borularından içəri girmir, yun corablara hədiyyə qoyub getmir. Şaxta Baba bizim kimi olur. Şit-şit zarafat edən, uşaqla şəkil çəkdirəndə siqaretin tüstüsünü üzünə üfürən. Ağıllı ol və həyatın girdabına indidən gir. Həyat budur. İndidən qart kişi, qart qadın olun. Başınızı elə indidən həyatın qaranlığına soxun. Xeyirxah Laplandiya qocasını elə günə qoyarıq ki, heç ruhunuz da inciməz. Necə ki İslam dinini qəbul edib özümüzə uyğun tərzdə dəyişdik. Sosializm ideyalarını da eyniliklə götürüb mahiyyətini kəllə-mayallaq etdik. 

Biz nəyisə olduğu kimi, nöqtə-vergülünə qədər götürürük, ideya nizamnaməsinə dəymirik, amma içini tərzimizə uyğunlaşdırırırq. Bax, Şaxta Baba paltarını ruslardan eyniliklə əxz etmişik. Hələ Aleksandr Ostrovskinin Afanasyevin nağılları əsasında yaratdığı Qar Qızını da ona rəfiq götürmüşük. Şaxta Babanın kürkü uzundur, burnu, yanağı qırmızıdır, zərli çomağı, Qar Qızın tacı qar dənəciyi naxşlı, ağ paltarda. Bunlar hamısı yerindədir. Ancaq mahiyyətə barmaq eləmişik. Bizim Şaxta Babaların əksəriyyəti uşaqlara adi şeir söyləyə bilmirlər, hədiyyəni verəndə “alə, bu da sənin podarkan, get şotuma kef elə” tipli sözlər deyirlər. Amma bu bayramı keçirən gürcülər, çuvaşlar, özbəklər və yaxın keçmişdə bir ailədə cəmləndiyimiz müttəfiq respublikalar nəyisə eyniliklə götürmürlər. Gürcülərin Şaxta Babasının xəncəri və sinəsinin patrondaşı var. Çuvaşın da qocası fərqlidir, özbək isə qocanın kürkünü milli naxışlarla bəzəyir. Onlar nəyisə götürəndə mahiyyətinə milli elementlər qatıb sanki özünküləşdirir, daha da təkmil hala salırlar. Necə ki Nizaminin “Leyli və Məcnun”u Məhəmməd Füzuliyə stimul oldu, o məhəbbət əfsanəsini qızıl fonda saldırdı. Təkcə bizim yox, dünyanın qızıl fonduna. Ancaq biz Şaxta Babaya buta naxışımızı da çox görürük.

Biz İslamı da olduğu kimi qəbul etmişik. Nöqtə-vergülünə qədər, sırf ərəb dilində oxunmalıdır, vəssalam. Hətta namazda qunut tutanda da sol ovuc sağ ovucdan neçə millimetr aralı qalmamalıdır, nə bu yan, nə o yan olmalıdır. Hətta bunu düz etməyənə irad da tuturuq. “Yox e qardaş, düz etmirsən, bunun qayda-qanunu var axı”. Hətta, buna uyğun mənalı gülməcə də mövcuddur. Bir nəfər məscidə gəlir və namaz qılmağa başlayır. Kənardan müdaxilə edirlər ki, ovcunu eyni bərabərdə tutmursan, əlini dizinə əyri aparırsan və sair. Adam ağlaya-ğlaya məsciddən çıxır. Birdən göydən Tanrının səsi gəlir.

-Səni də namaz qılmağa qoymadılar? Onların əlindən mən də məscidə girə bilmirəm.

Yəni, bizim xalq qədər hər şeyi mükəmməl əxz edən yoxdur. Biz sanki başqa adət-ənənələri, dəyərləri, yenilikləri printerdən çıxarıb mənimsəyirik. Ancaq sonra istiqaməti dəyişirik. Ad və qaydalar qalır, lakin içinə barmaq edirik. İslam dinini inanclarımıza bağlayırıq, nəzir qutuları, qəbir üstünə düyü, konfet səpirik, Quranla fala baxırıq, müqəddəs kitabla itmiş əşya axtarırıq. Əsas odur ki, eyniliklə əxz etmişik. Ancaq türk nə etdi? Türk də İslamı qəbul etdi, lakin mahiyyəti saxlamaqla onu daha da üst qata qaldırdı, elmi səviyyədə araşdırdı, gündəlik məişətdə halallığı adamların canına yeritdi. 

Biz dilləri də eyniliklə əxz edirik. Kimin hünəri nədir ki, rus dilində пошел вон sözünü пошол вен desin. Hər tərəfdən üstünə düşərlər ki, “aaaa, düz demədin e”. Biz sanki dünyanın müəllif hüquqları üzrə ofisiyik. Nə haradasa yaranıbsa, o cür də deyilməli və oxunmalıdır. İngilis mənə Azer Gismet deyir, amma biz onların Donald Trampını nəinki eyniliklə yazırıq, hətta doğma orfoepiya qaydalarına əməl etməklə səsləndiririk. Biz kitablarımızın üzündə də xarici yazıçıların adını öz dilimizdə yazmırıq, onlarınkı kimi ifadə edirik. Markes əvəzinə Marguez yazırıq. Bizim qədər kiminsə əşyasına hörmətlə yanaşan yoxdur. Başqa xalqlar öz tərzinə salır, biz onların tərzinə. Bunun izahı ondadır ki, biz tolerantıq, hörmət edirik. Amma bəzi hallarda ağılsızcasına tolerantlıq yapırıq. Xalqlara, millətlərə, inanclarına hörmətlə yanaşırıq, ehtiram bəsləyirik. Bəzi məsələlərdə isə ehtiramı aşırı səviyyəyə çatdırırıq. Aşırının da hörməti olmur.