“Səhər durub güzgüyə baxsınlar” – - İlham Əliyev

seher-durub-guzguye-baxsinlar-
Oxunma sayı: 4879


“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev   Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan təntənəli mərasimdə çıxışında deyib. Prezident bildirib ki, belə cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir: “Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə. Bax, indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər salaraq görürük, harada ki, bu yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax, mən bunu, necə deyərlər, yığcam formada bu cür izah edərdim: Xalqa Ulu Öndər kimi xidmət etmək lazımdır. O, bütün dövrlərdə öz xalqına xidmət edib. Biz də çalışırıq onun yolu ilə gedək. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz onun yolu ilə uğurla gedirik”.

İlham Əliyev bildirib ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir: “Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük. Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər.

Ona görə, bu kampaniyalar əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır.

Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq”.