Seymur Həziyevlə bağli Avropa Məhkəməsinə şikayət verildi

seymur-heziyevle-bagli-avropa-mehkemesine-sikayet-verildi
Oxunma sayı: 757

Vəkillər jurnalistin qanunsuz tutulması, cəzalandırılması və işgəncəyə məruz qalması ilə bağlı ölkədaxili məhkəmələrin çıxardığı qərarları qanunsuz sayırlar.

Seymur Həziyevin hüquqlarını Media Hüququ İnstitutunun hüquqşunasları müdafiə edir. Avropa Məhkəməsinə şikayəti vəkil Rəşid Hacılının rəhbərliyi ilə institutun vəkil və hüquqşunasları hazırlayıblar. Onların qənaətinə görə, yerli məhkəmələr jurnalistin qanunsuz tutulması, cəzalandırılması və işgəncəyə məruz qalması ilə bağlı şikayətlərə baxarkən Seymur Həziyevin Avropa Konvensiyasında təsbit olunmuş azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquq və azadlıqlarının pozuntusuna yol veriblər.

Hüquqçular Avropa Məhkəməsindən ərizəçinin qeyd olunan hüquq və azadlıqlarının pozuntusunun tanınmasını, onların işlə bağlı çəkdikləri və düçar olduqları digər xərc, zərərlərin əvəzinin ödənilməsini təmin etməyi xahiş ediblər.

Seymur Həziyev 2010-cu il mayın 15-də “Azadlıq” siyasi blokunun keçirdiyi aksiyada saxlanıb. Saxlandıqdan sonra jurnalisti Nərimanov Polis İdarəsinə aparıblar. Jurnalistin bildirdiyinə görə, polis idarəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləri Yaşar Əliyev və Elxan Həsənov onu təhqir ediblər. Jurnalist polisin qanuni tələblərinə qəsdən tabe olmamaqda ittiham olunub və 7 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. Məhkəmə qərarı jurnalistə təqdim olunmayıb. Seymur Həziyev həbsdə olduğu zaman saxlama məntəqəsinin əməliyyatçısı Aqil Əliyevin müşayəti ilə kimliyi bəlli olmayan şəxslər tərəfindən döyülüb. Jurnalist həbsdən çıxdıqdan sonra tutulma, inzibati həbs və işgəncəyə məruz qalması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Binəqədi Rayon Prokurorluğu, Binəqədi Rayon Polis İdarəsi, habelə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi jurnalisti qane edən araşdırma aparmayıb. Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları da polis və prokurorluğun araşdırmasına haqq qazandırıb.

"Media forum"