Şıxlinskayanın baş mühasibi ilə bağlı məhkəmə başladı

sixlinskayanin-bas-muhasibi-ile-bagli-mehkeme-basladi
Oxunma sayı: 1158

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. Hər birinin 2 azyaşlı övladı var.

P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. 

Proses noyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. 

L.Şıxlinskayaya həmin işlə bağlı hər hansı günahı olmadığını bildirib. O deyib ki, sadəcə təsisçidir və heç bir sənəddə imzası yoxdur. Əlavə edib ki, işçiləri 700 min manatdan çox pulu ələ keçiriblər və istintaq zamanı bu hal sübut olunub.

Qeyd edək ki, Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Murad Əhməd