Evdən harasa gedəndə bu yolun uzaqlığı sağlamlığıma zamin olsa da, axşam evə qayıdanda bu əksinə ola bilər. Küçədəki yiyəsiz itlər, qaranlıqdan öz müxtəlif niyyətləri üçün istifadə etməyə hazır olan avara, işsiz cavanlar və s.
Səməd Vurğun bağının yanından 30 nömrəli avtobusa minib arxa oturacaqların birində, pəncərə tərəfdə oturdum. Günün bu vaxtında avtobusa minə bilmək böyük hünərdir, nəinki oturmağa yer tapmaq. Arxa oturacaqlarda oturmaq isə adamı kiməsə yer vermək məsuliyyətindən qurtarır. Həm də əgər nəzərə alsaq ki, 100-200 metr sonra bu avtobus tıxacda qalmaq ehtimalı ilə bacı qardaşdı, onda məni heç kim qınamaz. Yol boyu pəncərədən mağazalara, xüsusilə paltar mağazalarının şüşələrindəki endirim faizlərinə, maraqlı reklam şəkillərinə baxmaq adətimdi. Bu gün də hər yer işıqlı və gözəldi. Yolumun üstündə bir neçə yerdə plazma ekranlarda böyük reklam rolikləri də var. Hər dəfə onlarda məşhur firmaların, brend markaların və tanınmış modelyerlərin sərgilərinin nümayişinə baxıram. Bu gün uzaqdan bu ekranlarda qara fonda ağ, qırmızı yazılar görəndə fikirləşdim ki, yəqin hələ tanımadığım yeni reklamdı. Avtobus bir az yaxınlaşanda gördüm ki, Xocalı soyqırımı haqqında hazırlanan film rolikdi. Çox təsirləndim, bir anlığa şəhəri unutdum, üşüməyə başladım. Elə bil havanın hərarəti get-gedə aşağı düşürdü. İndi buxarlanan pəncərədən ətrafı ağappaq qar, dərə-təpə, meşəlik görürdüm. Bu mənzərə məni üşüdürdü və mən artıq ayaqlarımı soyuqdan hiss eləmirdim. Deyəsən avtobus tıxacda idi və içində olan adamlar hamısı donurdu. İlahi bu nə dəhşətdi, hamının dişi dişinə dəyirdi, üz gözü göyərmişdi. Heç kim başqa şeydən yox, donub öləcəyindən qorxurdu. Hələ indi fikir verdim ki, avtobusdakıların çoxu qocalar və uşaqlı qadınlar imiş. Durub yerimi onlardan birinə vermək də ağlımdan keçdi. Amma, gərək vaxtında onların birini görüb yerimi verəydim, artiq gec idi, yerimdən tərpənə bilmirdim. Soyuqdan huşumu itirməyə az qalmışdı. Fikirləşdim ki,belə soyuqda adama güllə dəysə bəlkə canı qizar. Qanı tökülsə bəlkə donu açılar…Elə bu vaxt gözlərimdən axan iki damla yaş məni donmaqdan xilas elədi.
Yavaş yavaş özümə gəlməyə başlayırdım. Hə deyəsən hərarət artırdı. Ayaq barmaqlarımı hiss elədim, yavaşca tərpədib donmadığından əmin oldum. Ətraf yenə işıqlı şəhər idi. Yadıma düşdü ki, mən Xətai metrosunun yanındakı dayanacaqdan, elə ”Xocalı” abidəsinin yanından zəng eləyib yoldaşıma “Mən Xətaidəyəm qarşıma çıx” deməli idim. Bayaqdan soyuqdan bədənimi qucaqlayan qollarımın arasında gizlətdiyim əllərimi tapib, cibimə saldım və telefonumu çıxarıb zəng elədim.
- Alo, mən Xocalıdayam qarşıma çıx .
Nuranə Nur
Son xəbərlər
Son Xəbərlər