“Azərbaycanda bir neçə il müxalifətin vəziyyəti aсınacaqlı olacaq”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, bu gün müxalifət ona görə zəifdir ki, iqtidarla xalq bir yerdədir: "Cəmiyyəti düşündürən bütün məsələlərə, problemlərə və prosseslərə iqtidar dərhal reaksiya verir".
Siyasi qurumların fəaliyyətinə toxunan S.Novruzov vurğulayıb ki, ötən il Azərbaycanda bir sıra siyasi partiyaların vəziyyəti ürək açan olmayıb: "Dövlət büdcəsindən maliyələşən partiyaların imkanları xeyli yaxşılaşıb. İctimai-siyasi fəaliyyət göstərmək üçün maddi bazaları möhkəmləndirilib. Bu cür partiyalar Milli Məclisdə də təmsil olunurlar. Amma digər partiyaların potensialı və fəaliyyəti imkan vermir ki, onlar Azərbaycanda özlərini siyasi partiya kimi adlandırsınlar".
"Milli Şura" ətrafında cəmlənən partiyaların dağıldığını deyən YAP icra katibinin müavini həmçinin bildirib ki, qurumun özü də iflasa uğrayıb: "Çünki yaranışı sağlam təməllərə əsaslanmadığı üçün tez bir zamanda iflasa uğradı. Əgər bir qurumun ictimai-siyasi prosseslərə, cəmiyyətə təsir etmək imkanı yoxdursa, artıq o, qurum hesab oluna bilməz. "Milli Şura"nın vəziyyəti də bu gün belədir. Burada ümumxalq və dövlətçilik maraqlar deyil, şəxsi maraqlar əsasında toplaşan insanlar yer alıblar. Şəxsi maraqlar imkan vermir ki, bu cür məsələlər düzgün və ədalətli həll olunsun". /SİA/
Son xəbərlər
Son Xəbərlər