Bakıda beynəlxalq inşaat sərgisi keçiriləcək

-bakida-beynelxalq-insaat-sergisi-kecirilecek
Oxunma sayı: 719

AzərTAc xəbər verir ki, 1995-ci ildən təşkil edilən, Xəzər və Qafqaz regionunun ən böyük beynəlxalq sərgisi olan “BakuBuild” yeni tərəfdaşlar tapmaq, bazarın təhlili, son istehsalçı ilə birbaşa ünsiyyət qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Builki sərginin ekspozisiya sahəsi 40 faiz artmışdır. Azərbaycan, Yunanıstan, Koreya Respublikası, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna və digər ölkələrdən 300-dən çox şirkət eksponent qismində “BakuBuild-2011” sərgisində iştirak edəcəkdir. Ənənəyə uyğun olaraq, fərdi stendlərlə yanaşı, Almaniya, İtaliya, Finlandiya və İranın kollektiv ekspozisiyaları da sərgidə təqdim olunacaq. Portuqaliyanın milli qrupu isə ilk dəfə olaraq Azərbaycana səfər edəcək. Yerli şirkətlər sərgi iştirakçılarının 35 faizini təşkil edir. “BakuBuild” sərgisində zəngin çeşiddə inşaat avadanlığı, bəzək və üzləmə materialları, sanitariya texnikası, pəncərə istehsalı üçün avadanlıq və bir çox digər məhsullar nümayiş etdiriləcək. Sərginin fərqləndirici cəhəti ondan ibarətdir ki, sərgi ekspozisiyasının böyük hissəsini innovativ texnologiyalar əsasında istehsal edilən inşaat materialları və avadanlıq təşkil edəcək.
“BakuBuild”lə eyni vaxtda “Aqua-term” 3-cü Beynəlxalq isitmə, havalandırma, soyutma sistemləri, su təchizatı, sanitariya texnikası, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji, eləcə də “Caspian Mebel-expo” 9-cu Xəzər Beynəlxalq mebel, interyer və dizayn, “Cips” 4-cü Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgiləri də keçiriləcək.
Sərgilərdə iştirakçılar təcrübə mübadiləsi və birgə layihələri reallaşdırmaq, ölkənin və bütünlüklə region bazarının təhlili, brendin effektiv tanıdılması, işgüzar görüşlərin və əməkdaşlıq münasibətlərinin qurulması, məhsullara tələbatı öyrənmək, yeni xarici bazarlara daxil olmaq fürsəti əldə edəcəklər.