13 il sonra yenidən “Real Madrid”də

13-il-sonra-yeniden-real-madridde
Oxunma sayı: 350

İspaniyanın “Real Madrid” klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonun yenidən komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 63 yaşlı metəxəssis Madrid təmsilçisi ilə üç illik müqavilə imzalayıb.

O, iyulun 13-də komandanın mövsümöncəsi hazırlıqlara başlaması ilə vəzifəsinin icrasına başlayacaq.

Məlumata görə, “Real Madrid” Mourinyonu klubuna qaytarmaq üçün “Benfika”ya 15 milyon avro təzminat ödəyib.

Klub prezidenti Florentino Perez seçki kampaniyası zamanı Mourinyonu yenidən “Santyaqo Bernabeu”ya gətirəcəyinə söz vermişdi. Perez son seçkilərdə səslərin 65 faizini toplayaraq rəqibi Enrike Rikelmeni geridə qoyub və növbəti müddət üçün prezident seçilib.

Mourinyo ilk dəfə 2010-2013-cü illərdə “Real Madrid”də çalışıb. Həmin dövrdə o, komanda ilə İspaniya çempionluğu, “Kral Kuboku” və İspaniya Superkubokunu qazanıb.

Portuqaliyalı mütəxəssis sonrakı illərdə “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma”, “Fənərbaxça” və “Benfika” kimi klublarda çalışıb. O, ötən mövsüm “Benfika”nı məğlubiyyətsiz çempionata yaxınlaşdırsa da, komanda mövsümü üçüncü pillədə başa vurub.

Mourinyo son iki mövsümdə titul qazana bilməyən “Real Madrid”də yeni uğurlar əldə etməyə çalışacaq. Madrid təmsilçisi mövsümün sonuna qədər komandanı müvəqqəti olaraq çalışdıran Alvaro Arbeloanın rəhbərliyi altında çıxış edib.

Beləliklə, Avropa futbolunun ən tanınmış məşqçilərindən biri təxminən 13 ildən sonra yenidən Madrid klubunun sükanı arxasına qayıdır.