16 ildir tullantılarla dolu olan su kanalı təmizləndi - Foto

16-ildir-tullantilarla-dolu-olan-su-kanali-temizlendi
Oxunma sayı: 2137

Ağcabədi sakinlərinin heyvan leşləri və tullantılarla dolu olan su kanalı haqda ötən gün “Qafqazinfo”da yayımlanan şikayətindən sonra sözügedən kanal təmizlənib. 

Məsələyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyindən reaksiya bildirilib. Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

16 ildir ki, həmin vəziyyətdə olan kanalla bağlı danışan xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.

Həmçinin oxuyun: “16 ildir ki, heyvan leşləri atılan kanalın suyundan istifadə edirik” - Video

B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib: "Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.

Lamiyə Məmmədova