“16 ildir ki, heyvan leşləri atılan kanalın suyundan istifadə edirik” - Video + Yenilənib

16-ildir-ki-heyvan-lesleri-atilan-kanalin-suyundan-istifade-edirik
Oxunma sayı: 2273

“Mənbəyi Yuxarı Qarabağ kanalından başlayan kanalın Ağcabədinin 4 yolu deyilən ərazidən keçən hissəsi çirklənməyə məruz qalıb. Tövlələrdə və məişətdə istifadə olunan su qarışığı da daxil olmaqla ayaqyolu tullantıları, heyvan leşləri həmin kanala axıdılır”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Ağcabədi sakini müraciət edib. Sakinlər bildirir ki, 16 ildir vəziyyət belədir. Onların sözlərinə görə, kənd camaatı bu sudan istifadə edir. 

Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin nümayəndəsi Fuad Musayev saytımıza bildirdi ki, məsələni araşdırmaq üçün komissiya yaradılıb: “Aidiyyəti üzrə maraqlandıq, bu kanal Yevlax Kanal İdarəsinin tabeliyindədir. Nəzarəti də onlar edirlər. İndi Ağcabədi rayonu, Meliorasiya və Su Sistemləri İdarəsinin tərkibində bir komissiya yaradıldı və Yevlax Kanal İdarəsinin nümayəndələrinin iştirakı ilə həmin yerə baxış keçiriləcək. Bundan sonra lazimi tədbirlər görüləcək. Hər dəfə bizim yerli idarə tərəfindən həmin kanala baxış keçirilib və təmizlik işləri aparılıb. Amma sakinlər hər dəfə oranı çirkləndirməyə, zibil atmağa davam edirlər”. 

Şikayətlə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Təəssüf ki, belə mənzərə bir çox sahil boyu ərazilərdə, çay kənarlarında bizi "qarşılayır". Düzdür, bunu hamımız görürük, hətta qınaq edirik. Lakin, bir an fikirləşək, niyə bitmir bu tullantılar? Bu qədər təbliğat aparılır, bu qədər qınanılır, bu qədər yazılır, nəhayət bu qədər təmizlənir... Əvvəlcə müəyyənləşdirək, bu əraziyə tullantıları atan kimlərdir? Əlbəttə ki, ətrafda yaşayanlar. Maraqlısı da odur ki, soruşsaq, hər kəs "mən atmıram" deyəcək. Onda bəs haradandır bu utandırıcı mənzərə? Təsəvvür edin, eyni ərazi dəfələrlə tullantılardan təmizlənir. Lakin yenə də tullantının toplandığının şahidi oluruq. Yəni zibil bitmir ki, bitmir. Niyə əraziləri bu günə salırıq? Nə vaxta qədər belə yanaşma olacaq? Yəqin ki, yanaşmamızı dəyişənədək... Artıq əməkdaşlarımız tərəfindən məsələ ilə bağlı araşdırmalara başlanılıb".

***

Problem “Qafqazinfo”da yayımlanandan 1 gün sonra məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən reaksiya bildirilib. Nazirlikdən deyilib ki, Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Qeyd edilib ki, sözügedən kanal artıq tullantılardan təmizlənib. 

Lamiyə Məmmədova

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.