Bu ölkədə qar fırtınasına görə 790 mindən çox şəxs işıqsız qaldı

bu-olkede-qar-firtinasina-gore-790-minden-cox-sexs-isiqsiz-qaldi
Oxunma sayı: 715

ABŞ-ni cənginə alan şiddətli qar fırtınası ölkə iqtisadiyyatına və infrastrukturuna ağır zərbə vurub.

“Qafqazinfo” xəbər verir ki, “PowerOutage” monitorinq resursunun son məlumatlarına görə, qeyri-sabit hava şəraiti səbəbindən hazırda 790 mindən çox ABŞ sakini işıqsız qalıb.

Elektrik kəsintiləri xəritəsinə əsasən, fırtınadan ən çox cənub ştatları zərər çəkib. Tennessidə 270 min, Texasda isə 135 mindən çox şəxs qaranlıqda qalıb. Missisipi və Luiziana ştatlarında da vəziyyət gərgin olaraq qalır. Yanvarın 25-də fırtına Nyu-York şəhərini və ABŞ-nin şimal-şərq hissəsini də iflic edib.

“Bloomberg”in yaydığı hesabata görə, təbiət hadisəsi ümumilikdə 32 ştatı əhatə edib. Şiddətli külək və qar səbəbindən 14.500-dən çox aviareys ləğv olunub ki, bu da nəqliyyat sistemində böyük xaos yaradıb. İlkin qiymətləndirmələrə görə, fırtınanın vurduğu ümumi maddi ziyan 24 milyard dollara çata bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fırtınadan bir qədər əvvəl təcili yardım xidmətlərinin tam hazır vəziyyətdə olduğunu açıqlamışdı. Lakin fəlakətin miqyası bir çox bölgədə kommunal xidmətlərin işini çətinləşdirib.