İran dövlət televiziyası ABŞ ilə aparılan danışıqlarda sazişin çərçivə mətninin hazırlanmasının son mərhələyə çatdığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran və Vaşinqton arasında Pakistanın vasitəçiliyi ilə davam edən təmaslarda həm ciddi fikir ayrılıqları qalır, həm də tərəflər razılaşmaya əvvəlkindən daha yaxındır.
Bəqayi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirin Tehrana səfərinə toxunaraq qeyd edib ki, görüşlər zamanı mübahisəli məsələlər müzakirə olunub və hazırda anlaşma memorandumunun yekunlaşdırılması istiqamətində iş aparılır.
Onun sözlərinə görə, İranın əsas diqqəti bölgədə müharibənin dayandırılmasına yönəlib. Bəqayi vurğulayıb ki, ABŞ və İranın irəli sürdüyü bəzi təkliflər bir-birinə yaxınlaşsa da, bu hələ yekun razılaşma anlamına gəlmir.
Hörmüz boğazı məsələsinə münasibət bildirən Bəqayi deyib ki, bu məsələ ABŞ ilə deyil, birbaşa bölgə və sahilyanı dövlətlərlə bağlıdır.
Bəqayi əlavə edib ki, nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı detallı müzakirələr hələ danışıqların hazırkı mərhələsinə daxil edilməyib. İranın əsas tələbi isə sanksiyaların aradan qaldırılması olaraq qalır.
Onun sözlərinə görə, nüvə məsələsinin yekun həlli ABŞ ilə ümumi razılaşma əldə edildikdən sonra müzakirə olunacaq. İranın dondurulmuş aktivlərinin azad edilməsi də gündəmdə olan əsas məsələlərdən biridir.
Bəqayi həmçinin bildirib ki, İranın ABŞ-yə təqdim etdiyi 14 maddəlik təklif həm nüvə proqramını, həm də dondurulmuş aktivlərin qaytarılması məsələsini əhatə edir.
İran rəsmisi qeyd edib ki, Pakistan danışıqlarda rəsmi vasitəçi rolunu oynayır, Qətər isə prosesə dəstək verir.
Son xəbərlər
Son Xəbərlər