“ABŞ ümid edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili araşdırmaya ölkədə parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı sübutlar təqdim edə biləcək”.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Prezident öz adından çıxış edə bilər. Lakin anladığım qədərilə o, pozuntular barədə məlumata sahib olduğunu deyib, buna görə də, ümid edirəm ki, Zurabişvili həmin məlumatı təqdim edə biləcək”, - deyə Miller qeyd edib.
Bununla yanaşı, departament nümayəndəsi bir daha xatırladıb ki, ABŞ Gürcüstanla ikitərəfli münasibətlərini nəzərdən keçirməyə davam edir.
Xatırladaq ki, dünən Gürcüstan prokurorluğu oktyabrın 26-sı baş tutan parlament seçkilərində mümkün saxtalaşdırma halları ilə bağlı araşdırma başladıb və Zurabişvilini dindirilmə üçün prokurorluğa çağırıb. Lakin Gürcüstan lideri cavabında prokurorluğu öz işi ilə məşğul olmağa çağırıb.