Abşeronda da Novruz şənliyi keçirildi - Fotolar

abseronda-da-novruz-senliyi-kecirildi
Oxunma sayı: 1846

Bu n Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq bayram ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən Abşeronda yaşayan şəhid ailələrinə və qazilərə baş çəkilib, onlar xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə təbrik edilib. O cümlədən, şəhid məzarları və Şəhid Xatirə Kompleksləri ziyarət olunub, ruhlarına dualar oxunub.

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak edib.

“Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla şəhid övladları və qazilər bayram tonqalını qalayıblar.

Bayram şənliyində Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verib və park ərazisində bayram gəzintisinə başlanılıb. Burada milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Onu da qeyd edək ki, Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə həyata keçirilən iməclik tədbirləri bu həftə sonu da davam etdirilib, yaşıllıq sahələrində mövsümi işlər görülüb, park və bağlarda ağaclara aqroqulluq göstərilib.