Adaya həkimlə gəldi, siyasi qalmaqala səbəb oldu

adaya-hekimle-geldi-siyasi-qalmaqala-sebeb-oldu
Oxunma sayı: 716

ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Landrinin adaya səfəri zamanı özü ilə həkim gətirməsi Qrenlandiya hökumətinin sərt reaksiyasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ABŞ nümayəndə heyətində yer alan həkim Cozef Qriffinin Nuuk şəhərinə “səhiyyə ehtiyaclarını qiymətləndirmək” məqsədilə gəldiyi açıqlansa da, bu addım yerli rəsmilər tərəfindən tənqid olunub.

Qrenlandiyanın səhiyyə naziri Anna Vangenhaym bildirib ki, ölkə keçmişdə səhiyyə siyasəti adı altında müxtəlif sui-istifadələrlə üzləşib. O, səhiyyə sisteminin geosiyasi alətə çevrilməsinə qarşı olduqlarını vurğulayıb.

“Qrenlandiyalılar geosiyasi layihələr üçün sınaq obyekti deyil. Səhiyyə sistemimiz yalnız qarşılıqlı hörmət və azad iradə əsasında inkişaf etdirilə bilər”, – deyə nazir qeyd edib.

Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen də məsələ ilə bağlı açıqlamasında bildirib ki, adadakı səhiyyə vəziyyəti barədə məlumat almaq istəyən tərəflər bunu rəsmi diplomatik kanallar vasitəsilə etməlidir.

O, ABŞ ilə dialoqa açıq olduqlarını desə də, “Qrenlandiya xalqı satılmır və onların öz müqəddəratını təyin etmək hüququ müzakirə mövzusu deyil” ifadəsini işlədib.

Müzakirələr fonunda ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı əvvəlki açıqlamaları yenidən gündəmə gəlib. Bu açıqlamalar həm Qrenlandiyada, həm də Danimarkada narahatlıq yaratmışdı.

Mövzu ilə bağlı müzakirələrdə Danimarkanın 1960-1970-ci illərdə inuit qadınlarına qarşı həyata keçirdiyi məcburi doğum nəzarəti siyasəti də yenidən xatırladılıb. Rəsmi məlumatlara görə, minlərlə qadın və qız həmin proqramdan təsirlənib.

Danimarkanın Baş naziri Mette Frederiksen 2025-ci ildə bu siyasətə görə rəsmi şəkildə üzr istəyərək, Qrenlandiya qadınlarına qarşı sistematik ayrı-seçkiliyin tətbiq olunduğunu etiraf etmişdi.