Adil Əliyev Ərəb Parlamentinin sədri ilə görüşdü - Fotolar

adil-eliyev-ereb-parlamentinin-sedri-ile-gorusdu
Oxunma sayı: 2835

Bu gün Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qahirədə Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

“Qafqazinfo" xəbər verir ki, görüşdə  Milli Məclis ilə Ərəb Dövlətləri Liqasının qanunvericilik orqanı olan Ərəb Parlamenti arasındakı münasibətlərdən bəhs olunub.

Adil Əliyev bildirib  ki, ərəb ölkələri Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə, 44 günlük Vətən müharibəsi və ölkəmizin qazandığı tarixi zəfərdən sonra da hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Milli Məclisin sədr müavini qeyd edib ki, Ermənistanın təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunmuş çoxsaylı qətnamələr bizim üçün olduqca vacibdir.

Habelə, Adil Əliyev ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil edilmiş kikboksinq yarışında iştirak etmək üçün Misirə səfər etdiyini diqqətə çatdırıb.

Həmçinin, Ərəb Parlamentinin sədri bu ilin may ayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Milli Məclisin xüsusi sessiyasında iştirak etməsini və bu səfər zamanı Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdən böyük məmnunluq duymasını vurğulayıb.