“Ağazadə”lərin eyş-işrəti... - Ayətullahlar şiələrin pulunu hara xərcləyir?

“Ağazadə”lərin eyş-işrəti...
Oxunma sayı: 8155

Özünü “məzlumların hamisi” (Mustazafin) elan edən Xomeyninin nəvələri bu gün Avropa paytaxtlarında fotoobyektlərə Dolce & Gabbana və BMW-lərlə poz verir. İnqilabdan sonra şah rejimindən qalan sərvətin “kasıblara paylanacağı”, “bərabər bölünəcəyi” vədlərinin siyasi oyunbazlıqdan başqa bir şey olmadığı üzə çıxır. Yüz milyardlarla dolların, sadəcə “əl dəyişdirdiyi”, varlananların ayətullahlar, lüks içində yaşayanların isə onların övladları və yaxınları olduğu görünür. İranlı sosioloq və araşdırmaçı Hossein Qazianın da yazdığı kimi, inqilabın dəyərləri onu həyata keçirənlərin özləri və övladları üçün dəyişdirildi.

İnqilabdan sonra İranda piramidaya bənzər mexanizm yaradıldı və ölkənin sərvətləri, həm də “məzlumların hamisi” kimi təqdim edilən Xomeyninin siyasi-dini ideologiyasının ixrac edildiyi bütün şiə dünyasından gələn ianələr “qüdrətli dördlük” adlanan şəbəkənin cibinə daxil olmağa başladı.

1. “Sonuncu peyğəmbər” (Xatəm-əl Ənbiya) qərargahı: SEPAH-ın birbaşa nəzarətində olan şirkətlər qrupudur;

2. “İmam Xomeyni Əmrinin İcrası Qərargahı” – EİKO (İmamın İcra Qərargahı –fars: Setad-e Ejray-ye Farman-e Hazrat-e Emam): maliyyə, neft və telekommunikasiya şirkətlərini birləşdirən fond;

3. “Bonyade Mostəzəfin” (Məzlumlar vəqfi): inqilabdan sonra şah rejiminin üzvlərinin müsadirə edilmiş əmlakları əsasında qurulan vəqf İranın bütün sferalarında ciddi paya sahibdir;

4. Astan Qüds Rəzəvi (Astan-e-Qods bonyad) – “İmam Rzanın hərəmi” fondu: Məşhəd şəhərində fəaliyyət göstərən, 50-dən çox şirkət və fabriki özündə birləşdirən təşkilat ciddi maliyyə imkanlarına sahibdir;

Dini liderin təpəsində dayanan “qüdrətli dördlüy”ün bir neçə əsas gəlir mənbəyi var:

- şah dövründən qalan var-dövlət və mülklər;
- ölkənin yeraltı və yerüstü sərvətləri;
- şiə coğrafiyasından “xüms”, “zəkat” adı ilə toplanan xərac.

Söhbət yüz milyardlarla dollardan gedir və bu sərvət iddia edildiyi kimi, nə sosial-iqtisadi çətinliklə yaşayan İrandakı əhaliyə, nə də şiə dünyasındakı “din qardaşlara” xərclənmir, molla rejiminin qorunmasına, eləcə də bütün coğrafiyada siyasi-dini ambisiyalarının icrasına sərf edilməklə yanaşı, ayətullahların və övladlarının rifah, hətta eyş-işrət içində yaşaması üçün göyə sovrulur. Çünki onlar “ağazadə”lərdir.

İranda əhali lüks içində yaşayan ayətullahların övladlarını belə adlandırır: “Ağazadə”.


İranlı jurnalist Əmir Əhmədi Aranian “Nyu-York Times” üçün qələmə aldığı məqalədə yazır ki, zəngin iranlı gənclər öz sərvətlərinin mənbələrindən xəbərsiz, yeni aristokrat təbəqə kimi davranırlar.

“Onlar həyasızcasına Tehran küçələrində “Porsche” və “Maserati” sürürərək, kasıbların gözü qarşısında gəzir, bu haqda sosial şəbəkələrdə yazırlar. Hicabın məcburi olduğu, spirtli içkinin qadağan edildiyi İranda hakimiyyət üzlərinin övladları çimərliklərdə içki içərək əylənir, hicab taxmadan eyş-işrətlə məşğul olurlar”, - jurnalist yazır.

İnqilabın banisi Xomeyninin nəvələrindən tutmuş səfirlərin övladlarına qədər bütün “ağazadə”lər İranın sərt şəriət qanunlarının fövqündə dayanır.


Xomeyninin nəticəsi Eşqari

“Məzlumların hamisi”nin nəticəsi Yasəmən Eşqarinin BMW maşını və Dolce&Cabana brendindən olan çantalarla verdiyi poz ən sadə nümunələrdəndir: çantalardan birinin qiyməti 3800 dollardır, digər nəticəsi Zəhra Eşqari isə 1600 dollarlıq “Burberry” çantasına üstünlük verir; onlar Tehranın şimalında yüksək təbəqəli insanların yaşadığı “Niavaran” küçəsində - şahın keçmiş sarayının yaxınlığında dəbdəbəli villada həyat sürürlər;

Əhməd Xomeyni

Yaxud nəvə Əhməd Xomeyninin dəbdəbəli həyatını, din xadimi olsa da, dünyanın bütün “nemətlərindən” gen-bol istifadə etməsini İranda bilməyən qalmayıb.

Xomeyni məzlumların haqqından öz övladları üçün yaxşı miras qoyub. İran inqilabının mirası da təkcə “şəriət qanunları”, teokratik rejim, yaxud “şallaq cəzası” yox, həm də “Tehranın zəngin uşaqları”dır. Bir müddət öncə “İnstagram” sosial şəbəkəsində “The Rich Kids Of Tehran” səhifəsi molla rejiminin gerçəklərini bütün çılpaqlığı ilə ortaya çıxardı.


- Son model avtomobillərlə yollarda keçirilən yarışlar;
- Hicabsız və açıq-saçıq geyimləri ilə seçilən qızların gecə əyləncələri;
- Hovuzda verilən çılpaq partilər;
- Pulların “göyə sovrulması” şouları;
- Dəbdəbəli villalarda təşkil edilən əyləncələr;
- Ən bahalı spirtli içkilərin bəzədiyi məclislər;

Və Las-Veqası geridə qoyan Tehran.

“Tehranın zəngin uşaqları” bu səhifəni açmaqda məqsədlərinin İranın “müasir üzünü” göstərmək olduqlarını bildirirdilər, hərçənd, dəbdəbəli həyatın və eyş-işrət məclislərinin nə qədər “müasirlik” olduğunu izah edə bilməzlər, çünki ata-babalarının etdiyi inqilab “ağazadə”lərə bu “haqqı” verir. Molla rejimi gerçək üzlərini gizlətmək məqsədilə səhifəni bağlatdırdılar, amma artıq hər şey çılpaqlığı ilə ortaya çıxmışdı, “Qorxulu Tehranın” iki üzdən ibarət olduğu da.

Hicaba görə 22 yaşlı Məhsa Aminini qətlə yetirən, bu qətldən sonra başlanan etirazları qanla boğan, Urmuda 23 yaşlı Nəsim Sidqini amansızlıqla güllələyən İran rejimi “ağazadələri” görməzdən gəlir.


“The Times” yazır: “İranın varlı uşaqları SEPAH üzvləri və rejimin digər məmurlarının gözü qarşısında müxtəlif mənbələrdən qeyri-qanuni yollarla əldə etdikləri spirtli içkilər və narkotiklərlə əyləncə həyatı yaşayır. Onlar xarici görünüşü, geyimi və ya davranışına görə iranlı gəncləri dəfələrlə həbs edən, şallaqlayan məmurların uşaqlarıdır”.

Molla rejimi küçənin ortasında gəncləri güllələdiyi vaxt “ağazadələr” heç bir şəriət qanununa əməl etmədən eyş-işrət məclisləri təşkil etməyə davam edirlər. Mohammad Reza Sobhani İran “ağazadə”lərinin həyat tərzini nümayiş etdirən əsas nümunələrindən biridir. Saşa ləqəbi ilə tanınan Mohammad Sübhani İran Xarici İşlər Nazirliyinin Latın Amerikası və Qərbi Asiya İdarəsinin keçmiş rəisi, Xatəmi dövründə 4 il, Əhmədinejad dövründə isə bir il Venesuelada səfir vəzifəsində çalışan Əhməd Sobhaninin oğludur.

İranlı səfir və oğlu Saşa

Saşa Dubayda və Yunan adaları kimi bahalı yerlərdə bikinili qızlarla əylənir, Türkiyədə yaxt-klublarda çəkdirdiyi foto-videoları sosial media hesabından paylaşır və yazır: “Mənim kimi işləmədən varlı ola bilməyən insanlar sadəcə paxıllıq edirlər”. Başqa bir paylaşımında o, çarpayısında çılpaq qadınla özünün lentə aldığı görüntülərini yayıb. Qumar oyunlarının da alədəçisi kimi tanınan Sobhani Tehran rejiminin yüksək səviyyəli rəsmilərinə yaxınlığı ilə də tanınır.

SEPAH generalının oğlu

Səs-küyə səbəb olan “ağazadə”lərdən biri də Tehranın iki rayonunda mer olmuş, SEPAH-ın ehtiyatda olan generalı Səid Tolueinin oğlu Rəsul Tolueidir. Mühafizəkar generalın oğlu evində pələng saxlayır, “Cadillac” sürür və dəbdəbəli ziyafətlər verir. Bütün bunları sosial media hesablarında da nümayiş etdirir.

Həsən və Hüseyn: bütün şiə dünyasına Kərbəlanı xatırladan bu adlar hazırda İranda Kərbəlanı yox, ərköyün “ağazadə”lərlə asossasiya olunur. Özünü Əhli-Beyt aşiqi kimi göstərən və nəvələrinə Həsən və Hüseyn adını verən ayətullah Cavadi Amoli ən varlı mollalardandır. Və onun Həsən və Hüseyn adını verdiyi nəvələri lüks içində yaşayır, babalarının “müdafiə etdiyi” şəriət qanunlarını rahatlıqla pozur, eyş-işrət məclislərini təşkil edirlər.

Həsən və Hüseyn: ayətullah Amolinin nəvələri

“Ağazadə”lərin lüks həyatını əks etdirən əsas elementlərdən biri də onların son model avtomobillərə olan marağıdır. “The Economics” yazırdı ki, “Porsche”nin klassik 911 modeli ilk çıxanda SEPAH-a bağlı olan iki İran şirkəti yeni modeldən 1400 ədəd sifariş verib. “Porche” cəmi 1911 model istehsal etdiyi üçün sifarişdən imtina edib, lakin Tehran şirkətin Yaxın Şərq şəhərləri arasında əsas bazarı olaraq qalmaqdadır.


“Porsche”nin bölgədə ən böyük dileri Tehrandadır. Paytaxtın qərb bölgəsində yerləşən rəsmi mağaza 12 min kvadratmetr ərazini əhatə edir. Daha sonra digər brend avtomobil firmaları da Tehrana ayaq açdı, lakin “ağazadə”lərin üstünlük verdiyi avtomobil modelləri “Porsche”, “Maserati”, “Bugatti” və “Cadillac”dır. Və “ağazadələr” Tehran küçələrində tez-tez yarışlar da təşkil edir. Bu yarışlar haqda jurnalist Əli Çenerin bir neçə il öncə hazırladığı reportaj reallığı çılpaqlığı ilə ortaya qoyur: “İranın Sürətli, Qəzəbli və Pis Zənginləri”.


Son rəsmi statistikaya görə, hazırda İran rejiminin məmurlarının (mollalar da daxil olmaqla) ümumilikdə 5400 övladı xaricdədir, onlar xüsusilə ABŞ, Kanada və Avropa ölkələrində lüks içində yaşayırlar.

Və bütün bunların fonunda Əhli-Beytin kölgəsində gizlənmiş molla rejiminin İranda, həmçinin, regionda şiələrdən bu və ya digər formada topladığı, oğurladığı, taladığı pulları hara xərclədiynə dair daha aydın təsəvvür formalaşır.

Asif Nərimanlı

Publika.az