Ağstafada bayram tədbiri keçirildi - Fotolar

agstafada-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 334

Ağstafada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibəti ilə ümumrayon bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan bayram təbdirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycanın şanlı tarixinə “Konstitusiya və Suverenlik İli” kimi qızıl hərflərlə yazılan 2025-ci il ölkəmiz adına növbəti qələbələr, möhtəşəm nəaliyyətlər və uğurlarla yaddaşlara həkk olunub. O cümlədən, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunması, vətəndaşlarımızın həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması, bir sözlə dayanıqlı gələcəyin qurulmasına hesablanmış addımdır. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, dağıdılmış infrastrukturun bərpası, insanların doğma yurdlarına rahat və təhlükəsiz dönüşü bütün dünyaya bəyan etdi ki, Azərbaycan təkcə keçmişini bərpa etmir, eyni zamanda, xalqının gələcəyini, miili mənafeyini düşünərək addımlar atır.

S.Orucov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Mustafayev Rizvan Həsən oğlunu, karate üzrə müxtəlif yarışların qalibləri, Vətən müharibəsi şəhidimizin qızı Mustafazadə Mahnur Ramiz qızını, eləcə də Yolçuzadə Ümid Rizvan oğlunu idman sahəsində fərqləndiklərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edib. Həmçinin “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyevin Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Media İnkişafı Agentliyi tərəfindən təltif olunduğu “Yubiley medalı” rayon ictimaiyyətinə təqdim olunub.

Ümumrayon tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin, məktəblilərin təqdimatında geniş bayram proqramı ilə davam etdirilib.