“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında ağacəkmə aksiyası keçirildi

agyoxus-1-qizil-yatagi-yaxinliginda-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 1266

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin dəstəyi ilə “Ağyoxuş-1” qızıl yatağı yaxınlığında, Daşkəsən rayonu ərazisində yerləşən meşə fondu torpaqlarında növbəti ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yaz mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə istismarı tamamlanmış mədənin yaxınlığında təşkil edilən aksiyada “AzerGold” QSC və Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin ümumilikdə 60 nəfərə yaxın nümayəndəsi iştirak edib.

Aksiya çərçivəsində 1 hektar ərazidə yerli şəraitə uyğun 1200 ədəd ağac tingi, o cümlədən tut, fındıq və göyrüş fidanları əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, ilk dəfə ötən il 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Çovdar” qızıl mədəninin cinahında yerləşən “Ağyoxuş” qızıl yataqları qrupuna daxil olan “Ağxoyuş-1” qızıl mədənində istismar işlərinin tamamlanması ilə əlaqədar icra olunan rekultivasiya planının birinci mərhələsi çərçivəsində iməcilik-ağacəkmə aksiyası təşkil edilib. Ölkəmizdə istismarı tamamlandıqdan sonra rekultivasiya işləri icra olunan ilk qızıl mədəni olan “Ağyoxuş-1”in münbit torpaq qatı bərpa edilən hissəsində eldar şamı tingləri, yonca və qoz toxumları əkilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun olaraq “Ağyoxuş” yataqları qrupu ilə yanaşı, hasilat işləri həyata keçirilən digər ərazilərdə də ətraf mühitin mühafizəsi tədbirləri çərçivəsində kütləvi yaşıllaşdırma aksiyaları təşkil edilir. Bugünədək QSC-nin ilk aktiv mədən layihəsi olan “Çovdar”qızıl mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.