Akimovun bəraət hökmündən protest verildi

akimovun-beraet-hokmunden-protest-verildi
Oxunma sayı: 1587

Prokuror iş adamı Kamal Akimova bəraət verilməsi ilə bağlı hökmdən narazı qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dövlət ittihamçısı bununla bağlı apellyasiya protesti verib.

İttiham tərəfi hesab edir ki, hökm işin faktiki əsasları ilə ziddiyyət təşkil edir. Protestdə bəraət hökmünün ləğv edilərək ittihamedici qərar çıxarılması tələb olunur.

Qeyd edək ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı Kamal Akimov bir neçə gün əvvəl bəraət alıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər heyəti müttəhimə verilmiş ittihamların  əsassız hesab edib.

Prokuror ittiham nitqində Akimovun 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun “Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.

Xatırladaq ki, Kamal Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olduğu deyilir.

Fotoda: Azər Əsgərov

Sail Ağasəlim