“Anamla qucaqlaşıb çox kövrəldik” - İmtahansız tələbə olan Canel

anamla-qucaqlasib-cox-kovreldik
Oxunma sayı: 1951

Bu il Nazirlər Kabinetinin qərarı ilə müsabiqədənkənar tələbə adını qazanan tələbələr sırasında o da var.  "Qafqazinfo" gənc istedad, musiqi sahəsində uğurlarına görə müsabiqədənkənar Bakı Musiqi Akademiyasının tələbəsi adını qazanan, həm də Çexiya Konservatoriyasında əyani təhsil alan Canel Nəcəfli ilə qısa söhbəti təqdim edir:

Canel deyir ki, ailəsində hər kəsin musiqiyə böyük həvəsi onda da bu sahəyə maraq oyadıb: 

-Rəhmətlik babam Tofiq Abdullayev qarmon ustadı olub, Əminə  Dilbazinin triosunda işləyib, vaxtilə Kremldə, “Neft daşları” dekadasında çıxışlar edib. 3 yaşımdan etibarən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin yazdığı və Müslüm Maqomayevin ifasında “Sevgili canan”, “Sənsiz” kimi romanslarını, gözəl bəstəkar Asəf Zeynallının, çox ecazkar səsə malik Bülbülün ifasında “Ölkəm” romansını və sair bu kimi zövqlü ifaları dinləyir, onları çox sevirdim, hətta gəlinciklərimlə bu musiqilərin sədaları altında rəqs də edirdim. 8-9 yaşlarımda Sevil xanım Əliyevanın “Ana” mahnısını anamın ad günündə ifa etmişdim. Mənim 2,5 yaşım var idi, anam mənə nə oyuncağı almağını soruşmuşdu, mən demişdim, “mama, mənə şirikpa al” (o zaman skripka sözünü tam deyə bilmirdim) və anam da aldı. Sözsüz ki, bu, oyuncaq idi, amma illər keçdikdən sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedəndə heç kəs gözləmirdi ki, mən skripkanı seçəcəyəm. Ailəmiz düşünürdü ki, pianoçu olaram, lakin mən skripkanı seçdim. 

İlk dəfə olaraq Polşada səhnəyə çıxan müsahibimiz o gündən sonra səhnə həyəcanını dəf etməyi bacarıb: 

-2015-ci ildə ilk  dəfə Polşada  “Karavan kulturı” festival-müsabiqəsində  iştirak etdim və  I yeri qazandım.  Məhz ondan sonra məndə özünəinam, səhnədən qorxmamaq və sair bu kimi hisslər yaranmağa başladı. Festivalın açılışında iştirakçıların cəmi 2 ifası seçilmişdi, onlardan biri mənim ifa etdiyim Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə vida səhnəsi” əsəri oldu. Ən həyəcanlı, mötəbər, yaddaqalan müsabiqələrdən isə 2018-ci ilin 28 mart -2 aprel tarixlərində Brüsseldə keçirilən “Grumiaux”  (keçmiş adı “Bravo”) Skripkaçıların XI Beynəlxalq müsabiqəsi olub. Belçikada əldə etdiyim diplom mənə Bakı Musiqi Akademiyasında müsabiqədənkənar təhsil almaq hüququ verdi. Bu məni, ailəmizi, bizi həqiqətən sevənləri çox sevindirdi.

Canel bugünkü uğuruna zəmin yaradan o müsabiqə haqqında fikirlərini bölüşüb. Deyir ki, X sinifdə oxuyarkən, “Grumiaux”  Beynəlxaq müsabiqəsində iştirak etmək şansı əldə edib, ancaq bu müsabiqənin finalına belə keçməyə ümidi yox imiş: 

- Mən birinci turda çıxış etdim və münsiflərin müzakirəsindən sonra adımın çəkildiyini eşitdikdə  sevincimizin hədd-hüdudu olmadı. 2 gün sonra mən finalda çıxış etməli idim. Filip adlı piano müşayiətçim var idi. Əllərim həyəcandan əsdiyindən və çox soyuq olduğundan, əlcəklərini mənə verdi və rahat olmağı, artıq qalib olduğumu dedi və yer tutmaq barədə yox, yalnız duyğulu, gözəl ifa barədə düşünməyimi tövsiyə etdi. Mən Vyetanın konsertini ifa etdim. Məndən sonra daha 2 iştirakçı qalmışdı. Həmin gözləmə anları sanki illər kimi hiss edilirdi. Nəhayət, münsiflər müzakirəyə gedəndə, anama dedim ki, bu yapon qızın və digərlərinin qarşısında çətin ki, mənə yer verərlər. Anam məni qucaqladı və mənə inandığını dedi. Qaliblərin içərisində mənim də adım çəkiləndə anamla qucaqlaşıb çox kövrəldik. Belçikadakı çıxışımdan sonra “Grumiaux” müsabiqəsinin münsiflər heyətindən dördü məni öz ölkəsinə oxumağa təklif və dəvət etdi. Mən həm bir ifaçı, həm də müəllim kimi çox istedadlı skripkaçı olan Konservatoriyanın professoru Roman Fedçuku və Çexiya Konservatoriyasını seçdim. Bu ilin yanvar ayında qəbul imtahanında iştirak etdim və 25 baldan 25 bal yığdım, qəbulda iştirak edən 24 nəfərin içərisində ilk beşlikdə idim. Ana vətənim Azərbaycanı hədsiz sevdiyim üçün, onu tam tərk etmək istəmədim və Bakı Musiqi Akademiyasının İfaçılıq üzrə qiyabi təhsilini seçdim. BMA-ya müsabiqədənkənar qəbul olundum. Hazırda Çexiya Konservatoriyasının əyani və BMA-nın qiyabi təhsili üzrə 1-ci kurs tələbəsiyəm.

Canelin gələcək arzuları çoxdur. Məşhur skripkaçı kimi geniş dinləyici auditoriyasına malik olmaq, Azərbaycanın bayrağını bir çox ölkədə qaldırmaq onun arzularından biridir: 

- Gələcəkdə tanınmış skripka ifaçısı olmaq, Vyananın möhtəşəm zalında Vyana Ştraus orkestrinin müşayiəti ilə ifalar etmək... Əlçatmaz görünsə də, bu, mənim arzum, hədəfimdir.