“Apellyasiyanın qərarını gözləmədən zəng edirlər ki, oranı boşaldın”

apellyasiyanin-qerarini-gozlemeden-zeng-edirler-ki-orani-bosaldin
Oxunma sayı: 3411

Ağsu rayon Kalva kənd sakini Ağagül Hacıyev rayon məhkəməsinin ona məxsus olan torpaq sahəsi ilə bağlı çıxardığı qərarın qanunsuz olduğunu iddia edir.

Bu barədə “Qafqazinfo”ya onun nümayəndəsi və eyni zamanda qardaşı Alov Hacıyev müraciət edib. A. Hacıyev bildirib ki, 2006-cı ildə o zaman kəndin bələdiyyə sədri olan Atabəy Nağıyevlə aralarında torpaq sahəsindən istifadəyə dair 5 illik icarə müqaviləsi bağlanılıb: 

“Həmin vaxt sözügedən torpaq sahəsində 500 baş qoyun saxlayırdıq. 2011-ci ildə müqavilənin müddəti bitdi və növbəti dəfə uzadılmadı. 2015-ci ildə kəndə qardaşım Namid Hacıyev bələdiyyə sədri seçildi. Bundan sonra torpaqdan istifadəyə dair yenidən 5 illik icarə müqaviləsi bağladıq. Qeyd edim ki, 2006-cı ildən 2022-ci ilə kimi biz hər il bələdiyyəyə torpaqdan istifadəyə dair pul ödəmişik. 2018- ci ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək torpaqdan istifadəyə 2033-cü ilə qədər çıxarış aldıq”.

Alov Hacıyevin sözlərinə görə, qardaşı sonradan vəfat edib və yeni bələdiyyə sədri seçilib: "İndi bələdiyyə məhkəmədə iddia qaldırır ki, siz torpaqda qanunsuz tikili tikmisiniz və bu tikilidə 80 baş camış saxlayırsınız. Məhkəmə də qətnamə çıxarıb ki, çoban evi və tövlə sökülsün və torpaq təhvil verilsin. Halbuki biz həmin torpağa qanuni olaraq çıxarış almışıq. Məhkəmənin qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişik. Bu müddətdə də icraçılar dayanmadan zəng edirlər ki, fermanı boşaltmaq lazımdır. Halbuki Apellyasiya Məhkəməsinin qərarı olmadan birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərar qanuni olaraq qüvvəyə minmir”.

“Qafqazinfo” sözügedən kəndin bələdiyyə sədri Tofiq İmaməliyevdən vətəndaşın müraciəti ilə bağlı açıqlama alıb. Bələdiyyə sədri bildirib ki, o, kənd sakini, iddiaçı Kazımov Oraz Sami oğlunun məhkəmədə nümayəndəsidir: “Bildirim ki, Oraz Kazımovla Hacıyevlər arasında bir müddətdir ki, mübahisə yaranıb. Bu mübahisəyə görə də Kazımov Oraz Hacıyev Ağagüldən İqtisadiyyat Nazirliyinə sözügedən kənd təsərrüfatı təyinatlı örüş sahəsində qanunsuz tövlə və çoban evi tikdiyinə görə şikayət edib. Nazirlik də həmin şikayəti Göyçay Ədliyyə İdarəsinə araşdırılması üçün göndərib. Göyçay Ədliyyə İdarəsi də aidiyyəti üzrə müraciəti araşdırmaq üçün Kalva bələdiyyəsinə müraciət edib. Biz də şikayətçinin idddiasına əsasən məhkəməyə müraciət etməli olduq. Çünki Göyçay Ədliyyə İdarəsi ən sonuncu dəfə mənə sual verdi ki, sizin burada marağınız nədir ki, məhkəməyə müraciət etmirsiniz? Dedim ki, kəndlidir, üz-üzə gəlirik. Onda mənə dedilər ki, biz o zaman səni məhkəməyə verəcəyik. Buna görə də məhkəməyə müraciət etdik. Bu mübahisə də  nəticə olaraq bələdiyyəyə gəlib çıxır. 

Mən dəfələrlə icra nümayəndəsi ilə birlikdə Hacıyevlərə görüşdə bildirdim ki, Oraz Kazımovla barışığa gedin. Ancaq  bu təklifi qəbul etmədilər. Biz də məcbur olub Ağsu rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə qərar verdi ki, tikili və çoban evi qanunsuz olduğu üçün sökülməlidir. Çünki icarə müqaviləsindən kənar tikilib. Sahibkarlıq sənədi yoxdur.  Hacıyevlərə dedik ki, gedib sahibkarlıq sənədi alsınlar. Ora da örüş sahəsi olduğuna görə sahibkarlıq sənədi artıq o torpağa qanunla verilə bilməz. Məsələ bundan ibarətdir. Bu məsələdə bələdiyyənin bir səhvi yoxdur”.

“Qafqazinfo” həmçinin yazıda adıçəkilən iddiaçı tərəf Oraz Kazımovun da fikirlərini öyrənib. O, açıqlamasında Hacıyevlər ailəsi ilə aralarında yaranan mübahisəyə aydınlıq gətirib. Bildirib ki, Hacıyevlər onu 2019-cu ildə vəfat etmiş qardaşları Namid Hacıyevin ölümündə günahdlandırıb:

“Bildirirlər ki, mən onların qardaşını əsəbiləşdirmişəm, sonra onu infarkt vurub. Namid Hacıyev bələdiyyə sədri işləyib, onunla yaxın münasibətlərimiz də olub. 2019-cu ildə mənim bacım nəvəsi Caniyev Malik bələdiyyə sədrliyinə namizəd oldu və ən yüksək səsi topladı. Bu məsələdən sonra Hacıyevlər müxtəlif saytlarda haqqımda yazılar yazdırdılar. Guya kənddə 70 minə poçt binası tikdirmişəm. Pulunu mənimsəmişəm və s. Halbuki mən vəzifədə filan işləmirəm. Qardaşlarının ölümü ilə bağlı Prokurorluq da rəy verdi ki, su quyusuna düşərək vəfat edib. 

İlk dəfə Ağagül Hacıyev məni məhkəməyə verdi. Mən də onları saytlarda haqqımda böhtan yazılar yazdırmağa görə məhkəməyə verdim. Sonra aramızda barışıq oldu. Növbəti dəfə məni məhkəməyə verəndə qarşılıqlı olaraq iddia ərizəmə əsasən məhkəmə qərar çıxartdı ki, böhtan atmağa görə Hacıyevlər 400 manat cərimələnsin və KİV vasitəsilə məndən üzr istənilsin. Daha sonra kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikili tikdiyinə görə Ağsu rayon məhkəməsinə müraciət etdim. Çünki ona torpaq sahəsi mal-qara saxlamaq üçün verilib. Tiklili tikmək üçün icazəsi yoxdur”.

Fotoda: Alov Hacıyev

Günel Türksoy