ARTİ beynəlxalq konfrans keçirdi - Fotolar

arti-beynelxalq-konfrans-kecirdi
Oxunma sayı: 254

Dekabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib.

 “Qafqazinfo” xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Salamlama nitqi ilə çıxış edən ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev konfransın məqsədi barədə məlumat verib. Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ümumi təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsi, həmçinin məktəb liderləri, inspektorlar və təhsil mütəxəssisləri arasında peşəkar dialoqun gücləndirilməsidir.

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ümumi təhsildə keyfiyyətin artırılmasının dövlətin uzunmüddətli inkişaf strategiyasındakı mühüm rolundan bəhs edib.  Kənan Kərimzadə bildirib ki, məqsədyönlü və məntiqli şəkildə icra olunan islahatlar Azərbaycan təhsilini yeni və yüksək transformasiya mərhələsinə hazırlayıb. Nazir müavininin sözlərinə görə, bu gün təhsil sahəsində aparılan dəyişikliklərin nəticələri artıq yalnız sənəd və strategiyalarda deyil, məktəblərdə, sinif otaqlarında və insanların real həyatında müşahidə olunur. Həyata keçirilən islahatların mərkəzində Azərbaycan müəllimi dayanır. 

Nazir müavini bildirib ki, ölkənin 400-dən çox məktəbində müasir metodik xidmətin tətbiqinə başlanılıb. 2000-dən çox məktəbdə yenilənmiş monitorinqlər aparılır. Eyni zamanda, 80 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, digər hissəsinin isə 10% artırılıb.

Çıxışının sonunda təhsilin məqsədinin artıq öyrənmək və öyrətmək olduğunu vurğulayan Kənan Kərimzadə bu konfransın təkcə bilik mübadiləsi ilə bitməyəcəyinə inandığını vurğulayıb və əlavə edib ki, təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır. 

Konfransın əsas məruzələri çərçivəsində London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi və İdarəedilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda çıxış edib. Devid Qodfrey bildirib ki, ənənəvi sistem fərdi öyrənməyə fokuslanır. Yeni yanaşmada isə komandalar və şəbəkələrin öyrənməsi vacibdir. Ənənəvi yanaşma təşkilati sabitliyə əsaslanır, halbuki yeni dövrdə dəyişikliklərlə yanaşı, davamlılıq da vacibdir. Ənənəvi planlaşdırma qısamüddətli hədəflərə yönəlib. İndi təşkilati yenilənmə və davamlı inkişaf əsas hədəfdir. 

Daha sonra isə Elnur Əliyev “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda təqdimatla çıxış edərək yeni metodik dəstək modelinin mahiyyəti və təhsil müəssisələrində metodik dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirib ki, hədəf 2030-cu ilə qədər ölkə üzrə bütün ümumi təhsil müəssisələrində metodik dəstək sistemi qurmaqdır. Bu mexanizmin məqsədi  müəllimlərin peşəkar inkişafını, məktəbdaxili pedaqoji mühitin gücləndirilməsini və tədris keyfiyyətinin yüksəldilməsini təmin etməkdir. Əlavə edib ki, metodistlər sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlər arasından seçilib. Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər. Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və onlar müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar. 

Beynəlxalq ekspert, Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou isə  “İnspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb fəaliyyətinin obyektiv dəyərləndirilməsinə və məktəb inkişafına verdiyi töhfə” mövzusunda məruzə təqdim edib. Məktəblərdə keyfiyyətin təmin olunması və qiymətləndirilməsi üçün hazırlanmış çərçivədən danışan xarici mütəxəssisin sözlərinə görə, bu çərçivənin mərkəzində şagirdin inkişafı dayanır. Şagirdin inkişafını isə tədris prosesi, təhsil məqsədləri, monitorinq və yönləndirmə (guidance), məktəbin inkişaf keyfiyyəti, həmçinin maliyyə və maddi resursların idarə olunması əhatə edir.

Növbəti məruzəçi məktəb inspeksiyasında akademik rəhbər Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət  monitorinqlərinin rolu “mövzusunda çıxış edib. Qeyd edib ki, məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas məqsədi məktəblərin fəaliyyət göstəricilərinə dair dəqiq və sistemli məlumatların toplanması, təhlili və müvafiq dəstək proqramlarının hazırlanmasıdır.

Konfransın ikinci hissəsi yerli və xarici məruzəçilərin iştirakı ilə panel müzakirələri və vörkşoplarla davam edib.

Konfrans çərçivəsində “Məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəblərdə dayanıqlı və real inkişaf strategiyaları”, adlı panel müzakirələr və “Məktəblərarası əməkdaşlıqda birgə öyrənmə və inkişaf yanaşmaları”, “Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə milli qiymətləndirmə nəticələrindən istifadə” adlı vörkşoplar keçirilib.

Bu sessiyalarda iştirakçılar məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair praktik müzakirələr aparıblar, interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.