Yalnız bir adam
Sokrat bir gün tələbəsi Sofokla deyir:
– Tələbələr bir azdan dərsə girəcəklər, say gör neçə nəfərdirlər, sonra mənə məlumat ver.
Sofokl qapının ağzında dayanır və içəri girən tələbələri bir-bir sayır. Bir azdan Sokrat ondan soruşur ki, cəmi neçə tələbə oldu? O da bir tələbə olduğunu bildirir. Sokrat “bu necə ola bilər, mən gördüm axı içəri çox adam girdi” – deyə təəccüb eləyir.
Sofokl deyir:
– Düz deyirsiniz. Sinfə girənlər çoxdu. Ancaq qapının ağzında bir daş vardı. Heç kəs o daşı götürüb kənara qoymadı. Yalnız lap axırda girən tələbəniz – Platon o daşı götürüb kənara qoydu. Bax, buna görə də dedim ki, içəridə bir adam var.
Dost
Sokratdan soruşurlar:
– İnsanın ən böyük qazancı nədir?
– Səmimi dost – o cavab verir.
Xoşbəxt olmaq
Sokrata sual edirlər:
– İnan necə yaşaya bilər ki, həmişə kefi kök olsun, dərdi-qəmi olmasın?
Filosof suala belə cavab verir:
– İnsanlarla birgə yaşayanın dərd-qəmsiz olması mümkün deyil.
Kasıblıq
“Allaha ən yaxın insan, aza qane olmağı bacaran insandır” fikrinin sahibi Sokratdan soruşurlar:
– Niyə bu qədər kasıbsınız?
– Əgər kasıblığın nə olduğunu bilsəydiniz, mənə görə pis olmaqdansa, öz dərdinizi çəkərdiniz.
Mənasız və bədbəxt ömür
Bir dəfə Sokratdan soruşurlar:
– İnsan necə yaşamalıdır?
Cavab verir:
– İnsan əgər “necə yaşamalıyam” sualını özünə verirsə, deməli, mənasız ömür sürüb və xoşbəxt deyil.
Əsas
Özünü müdafiə etsə də 500 üzvü olan andlı məhkəmədə 30 səs çoxluğu ilə ölümə məhkum edilən Sokrat ona qarşı irəli sürülən ittihamları rədd edir. Filosofa deyirlər:
– Sənin fikirlərini qəbul eləmədilər.
– Onların fikirlərimi qəbul eləyib-eləməməyinə ehtiyacım yoxdur, əsas həqiqəti demək idi.
Hakimin müsbət keyfiyyətləri
Sokratdan soruşurlar:
– Bir hakimdə hansı müsbət keyfiyyətlər olmalıdır?
Filosof deyir:
– Xoş niyyətlə qulaq asmaq, ağılla qarşılıq vermək, ayıq düşünmək, tərəfsiz qərar vermək.
Mahir atminən
Çəngi arvadına görə Sokrata deyirlər:
– Bu qadına necə dözürsünüz, bununla necə yaşayırsınız?
Filosof cavab verir:
– Mahir atminən ən xam, tutduq verməyən atı minməyi bacarmalıdır.
Sokrat və dünya nemətləri
Bir gün məşhur filosofdan soruşur:
– Ey Sokrat, niyə dünya nemətlərini özünə haram bilirsən?
Sokrat sualı sualla qarşılayır:
– Dünya nemətləri nədir?
– Dadlı ət yemək, ləzzətli şərab içmək, hamının bəyəndiyi paltarlardan geymək və xoşbəxt bir ailə həyatı qurmaq.
Sokrat həmin adama belə dedi:
– Mən bütün sadaladıqlarını, özünü donuzlara, meymunlara, vəhşi heyvanlara bənzədən və ruhunu məhv edib bədəninə qulluq etməyi seçənlərə bağışladım.
Səltənətin və dövlət idarəçiliyinin uzunömürlü olması
Sokrata sual edirlər:
- Səltənətin və dövlət idarəçiliyinin uzunömürlü olmasının səbəbi nədir?
Filosof aşağıdakı səbəbləri sadalayır:
* Dini və elmi ca nlandırmaq – belə olsa, xalq ona rəğbət bəsləyəcək.
* Hər işdə ağıl işlətmək.
* Hər zaman elmin ardıyca getmək, alimlərdən dərs almaq.
* Fəzilətli insanların gözündə ucalmaq üçün gözəl əməllərini çoxaltmaq.
* Hamını qonaq edə bilmək üçün geniş bir evə sahib olmaq.
* Ədiblərin və şairlərin yetişməsi üçün mühit yaratmaq.
* Məmləkətini dağıdıcı insanlardan və fitnəbazlardan qorumaq.
Haqlı tənqid
Əflatun dostları ilə bir məclisdə Sokrata irad tutur:
– O gün bir dostunu hamının yanında danladın. O cür kəskin sözləri ikilikdə deyə bilməzdinmi?
Sokrat suala sualla cavab verir:
– Mənə bu iradını ikilikdə söyləyə bilməzdinmi?
Çıxış yolu
Pulunun qədrini bilməyən bir nəfər Sokratın yanına gəlib vaysınır, sonra da pul istəyir. Sokrat ona çıxış yolu göstərir:
– Xərclərinizi azaldıb, özündən borc al.
Xoş sözlər demək
“Filankəs sənin əleyhinə danışır” – deyənlərə Sokrat belə cavab verərmiş:
– O, onsuz da heç vaxt xoş, yaxşı sözlər söyləməyi bacarmayıb.
Etiraz
Bir boşboğaz natiqlik öyrənmək üçün Sokratın dərslərində iştirak etmək istəyir. Amma Sokrat başqa tələbələrdən fərqli olaraq ondan ikiqat pul istəyir. Adam etiraz etmək istəyəndə Sokrat onun sözünü kəsib deyir:
– Sənə bir yox, iki şey öyrədəcəm: Əvvəl danışmağı, sonra isə susmağı! Ona görə səndən iki qat pul istəyirəm.
Ədalət
Sokratdan soruşurlar:
– Dünyanı məhvərindən qopmağa qoymayan nədir?
Filosof cavab verir:
– Bu dünyanı məhv olmağa qoymayan ədalətdir. Zülm başladısa, dövlətin süqutu qaçılmazdır.
Səfər
Dostlarından biri Sokratın yanına gəlib gileylənir:
– Çox narahatam. Səfərə çıxdım, amma səfərim yaxşı keçmədi.
Sokrat dostunun fikrinə belə münasibət bildirir:
– Çünki səfərə özünü də aparmışdın.
Sokratın günahı
Sokratı edama aparanda arvadı ağlaya-ağlaya deyir:
– Ah Sokrat! Səni günahsız yerə öldürəcəklər.
O da gülə-gülə arvadından soruşur:
– Nədi, yoxsa istəyirdin ki, məni hansısa günahıma görə öldürsünlər?
Onun üçün kədərlənən dostlarınasa belə deyir:
– Sevinin və deyin ki, onun ancaq bədənini torpağa tapşırmışıq.
Mən burda danışa bilmərəm
Kral Nikekreonun açdırdığı süfrə arxasında Sokrat kəlmə də kəsmir. Niyə belə lal-dinməz əyləşdiyini soruşanda belə cavab verir:
– Bura mənim danışacağım sözlərin yeri deyil, bilmirəm ki, burda nə və necə danışmalıyam.
Qonaq
“Hamı yemək üçün yaşayır, mən yaşamaq üçün yeyirəm” – deyən Sokratın evinə çoxlu qonaq gəlir. Qonaqlar yeməyə qalanda arvadı Sokratı çağırıb deyir:
– Görürsən də, çox az yemək qalıb, qonaqlara çatmayacaq, neyləyək?
Sokrat deyir:
– Gələn qonaqlar gözütox, təvazökardılarsa bəsləridir, yox əgər acgöz, özlərindən müştəbehdilərsə onsuz da neyləsək onlara azlıq eləyəcək.
Ruhu batırmamaq üçün
Sokratın çox istəyən zəngin bir tacir ona çuval dolusu qızıl bağışlayır. Tacir ölənə qədər onlara toxunmayan filosof tacirin vəfatından sonra qızılları qayığa yüklətdirib dənizin ortasına aparır və bir-bir dənizə atıb deyir:
– Ey qızıllar! Sizi dənizə ataraq batırıram ki, mənim ruhumu kirlətməyə və batırmayasınız.
Tərcümə edən: Fərid Hüseyn