Asfalt, yoxsa beton yol? - Düşünmək vaxtıdır

asfalt-yoxsa-beton-yol
Oxunma sayı: 2795

Dünyada, o cümlədən Avropa ölkələrində yol tikintisində betondan istifadə, başqa sözlə, beton avtomobil yollarının sayı getdikcə artmaqdadır. Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. 

“Qafqazinfo”nun məlumatına görə, indiyə qədər ölkədə cəmi iki yol betondan inşa edilib ki, bunlardan da biri Bakıdakı Zığ-Hava limanı yolu, digəri isə paytaxtla Qubanı birləşdirən, Rusiya ilə dövlət sərhədinə qədər uzanan, vaxtından əvvəl dağıldığı və mütəmadi təmir işləri aparıldığı üçün sürücülərin “pis yol” kimi xatırladığı yoldur. Qalan yollarımız isə asfalt yollardır.

Əslində Azərbaycanda asfalt yollardan istifadənin geniş olmasında qeyri-adi heç nə yoxdur. Neftlə zəngin bir ölkədə yaşayırıq və “qara qızıl”ın emalı nəticəsində əldə etdiyimiz yan məhsul -  asfalt nefti olmayan ölkələrlə müqayisədə bizə ucuz başa gəlir. Yəni, Azərbaycan hökuməti yol tikintisində asfaltdan istifadə etməklə bir növ qənaətli davranır. Bununla belə, son illər beton yollarla asfalt yolların maya dəyəri arasında fərq getdikcə azalmaqdadır. Üstəlik, nəzərə almaq lazımdır ki, neft tükənən sərvətdir və onun hasilatı həmişə indiki səviyyədə qalmayacaq. Yəni, gec-tez beton yollara keçməliyik. Amma bu növ yollardan istifadəni zəruri edən başqa amillər də var.

Məsələn, əvvəllər beton yol çəkmək kifayət qədər mürəkkəb və bahalı bir iş idi. İndi isə müasir texnologiyalar və avadanlıqların hesabına beton yolun inşası sadə və ucuz olub.

Bundan başqa, asfalt yolun istismar müddəti təxminən 10 il, beton yolun istismar müddəti isə azı 30 ildir. Bəzi ölkələrdə beton yollardan hətta 40-50 il də istifadə etməyi bacarırlar. Üstəlik, onun istismarı zamanı daimi təmirə ehtiyac yaranmır. Yəni, istismar xərcləri azdır.

Beton yol maşınla daşınan ağır yüklərə yaxşı dözə bilir. Ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti zamanı yol deformasiyaya uğramır, formasını və hamarlığını saxlayır. Bu, həm də yanacaq sərfiyyatını azaldır. Hesablamalara görə, beton yollarda hərəkət edərkən sərfiyyat asfalt yollarla müqayisədə orta hesabla 15-20% az olur. Buna səbəb sürtünmə əmsalının aşağı olmasıdır. Yəni, avtomobillər hərəkətə başlayanda və dayananda səthin aşınması azdır.

Beton yollar ekoloji baxımdan da asfalt yollardan üstündür. Belə ki, asfalt yolların inşası zamanı hava asfaltın tərkibində olan zəhərli maddələrlə çirklənir. Beton yollarda isə belə bir problem yoxdur. Üstəlik, beton səth təkrar emal olunduğuna görə istifadə olunan materialların ətraf mühitə təsiri aşağıdır.

Beton yollar yarımsəhra və quru çöl iqliminin üstünlük təşkil etdiyi Azərbaycanda xüsusilə aktual olmalıdır. Məsələn, isti yayı olan cənub bölgəsində beton yol daha yaxşıdır. Nəzərə almaq lazımdır ki, asfalt yüksək temperaturda yumşaq olur. Bu isə yolun keyfiyyətinə mənfi təsir göstərir. Beton yollar isə ölkəmizin hava şəraitində daha davamlıdır.

Daha bir maraqlı məqam isə beton yolların gecə saatlarında daha yaxşı işıqlandırılmasıdır. Buna səbəb səthin rənginin açıq olmasıdır.

Bir sözlə, beton yolların asfalt yollardan üstünlükləri göz qabağındadır. Odur ki, hansı variantı seçmək barədə düşünmək vaxtıdır.