Aslan Qəhrəmanov vəfat etdi

aslan-qehremanov-vefat-etdi
Oxunma sayı: 4359


Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkdiyi, xeyli müddət yataq xəstəsi olduğu bildirilir. “Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, mərhumun meyiti dəfn olunmaq üçün bu gün səhər Ağstafa rayonuna aparılıb.

Aslan Qəhrəmanov 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. Həmin mərkəzin bazası əsasında Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub. Uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında baş müəllim, dosent vəzifələrində çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub.

Yazıçı kimi özünü 1967-ci ildə çıxan “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin müəllifidir.