“Avropa Parlamentində Azərbaycanı hədəf alan yalan və saxta məlumatlar üzərində qurulan qətnamə qəbul edilib. Milli Məclis anında bu saxta qətnaməyə qarşı öz münasibətini bildirib”.
“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Biz ölkəmizə qarşı irəli sürülən cəhəng iddiaları qətiyyətlə rədd edirik. Hesab edirəm ki, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə nəinki ölkəmizə qərəzli münasibət nümayiş etdirir, həmçinin dövlətimizin ərazi bütövlüyünə meydan oxuyur. Ermənistan Respublikası 30 il müddətində torpaqlarımızı işğal altında saxlayıb, bir milyon soydaşımızı qaçqın və məcburi köçkünlüyə məhkum edib, xalqımıza qarşı cinayətlər törədib.
Nədənsə o dövrdə beynəlxalq ictimaiyyət susmağa üstünlük vermişdi. Vətən Müharibəsindən və antiterror əməliyyatlarından sonra isə Avropa Parlamentində Azərbaycanofob, İslamofob, Türkofob qüvvələr nəzakət qaydalarını kənara qoyaraq ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Milli Məclis siyasi əməkdaşlığa daim sadiqdir, lakin ölkəmizə qarşı aqressiv ritorikanı qətiyyətlə rədd edir”, - S.Qafarova bildirib.
***
Sahibə Qafarova çıxışında Gürcüstan və Özbəkistandakı parlament seçkilərindən də danışıb. Onun sözlərinə görə, hər iki ölkədə seçkilər uğurla baş tutub: “Bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilib. Milli Məclisin nümayəndələri də bu seçkiləri müşahidə ediblər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu demək olar. Biz Azərbaycana dost-qardaş olan ölkələrin əldə etdiyi nailiyyətlərə sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın tərəqqisinə, Azərbaycanla sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər