Avtoritetin məhkəməsindəki hakim dəyişdi - “Lotu Quli”nin vəkili olduğu üçün

avtoritetin-mehkemesindeki-hakim-deyisdi
Oxunma sayı: 2582

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub. İclasda V.Hüseynovun anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Fərid Nağıyev hakim Əfqan Hacıyevin prosesə sədrlik etməsinə etiraz edib. F.Nağıyev bildirib ki, təqsirləndirilən V.Hüseynovun həyat yoldaşı Leyla Səlifova hazırda həbsdə olan qardaşlar – Nadir Səlifov və Müşfiq Səlifovun bacısıdır: “Bu cinayət işində təqsirləndirilən şəxsin vəkili olan Kamandar Nəsibov və hakim Əfqan Hacıyev həmin vaxt bu qardaşların vəkili olublar. Buna görə də hakim öz-özünə etiraz etməli idi, amma etmədi. Belə olan halda hesab edirik ki, hakim Əfqan Hacıyev bu işdə maraqlıdır. Buna görə də Əfqan Hacıyev prosesdən kənarlaşdırılmalıdır”.

Hakim Əfqan Hacıyev Səlifov qardaşlarının vəkili olduğunu təsdiqləyib, lakin bu işdə hər hansı marağı olmadığını deyib: “Amma ittiham tərəfi etiraz edirsə, onda təmin edilsin”.

Məhkəmə tərkibində çıxış edən digər hakim Fikrət Qəribov etirazı təmin edib və yeni hakim təyin olunana qədər prosesdə fasilə elan olunub.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Murad Əhməd