“Azad olunan ərazilərimizdə belə yollar çoxdur”

azad-olunan-erazilerimizde-bele-yollar-coxdur
Oxunma sayı: 2241

“Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verən, 5 nəfərin yanaraq həlak olması, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsi əvvəllər toxunduğumuz bir məsələyə təkrar-təkrar dönməyi zəruri edir. Yəqin ki, bu hadisə sərt eniş-yoxuşlu yol sahəsində baş verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Şuşada baş verən ağır qəzanı şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

“Azad edilən ərazilərimizdə belə yollar çoxdur: Zəfər yolu, Murov yolu, Kəlbəcər-Laçın yolu. Minkənd-İstisu yolu, rayonlarımızın ərazilərindəki onlarla digər yollar. Həmin yollar burada hərəkət edən sürücülərdən yüksək peşəkarlıq tələb edir. Sürücülər ilk növbədə avtomobillərinin texniki vəziyyətinə, xüsusən tormoz sisteminə, təkərlərinə, sükan mexanizminə çox diqqətlə yanaşmalıdırlar. Yolda hərəkət vaxtı sərt enişdə iş tormozundan istifadə etmədən, mühərriklə tormozlamadan və başqa yardımçı funksiyalardan istifadə etməlidirlər. Enişlərdə sürətə çox diqqətlə yanaşmalıdırlar, şəraitə uyğun olmayan sürətdə heç bir müasir funksiya sürücüyə kömək edə bilməz.

Yoxuşlarda avtomobili qovmamalıdırlar, yenə də şəraitə uyğun sürətlə, mühərriki çox yükləmədən, yardımçı funksiyalardan istifadə etməklə hərəkət etmək lazımdır.

Yol şəraitinə də xüsusi diqqət yetirmək vacibdir. Dağlarımızda ilin istənilən vaxtı, xüsusən də bu vaxtlar, duman, çiskin, yağıntı ola bilər. Bir azdan qar-buz da olacaq. Bundan əlavə, ərazilərdə tikinti getdiyindən asfalt örtüyü olan yolların da çox yerində yola səpələnmiş torpaq, qum, tikinti texnikasının təkərlərindən bulaşmış palçıq var. Belə asfalt azca yaş olanda çox ciddi sürüşmə effekti yaradır. Sürücülər bütün bunları hər zaman nəzərə almalıdırlar.

Azad edilən ərazilərdə çalışan təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə çox ciddi yanaşmalıdırlar. Bu işdə laqeydlik çox baha başa gəlir. Hər bir halda diqqətli olun. Özünüzü və başqalarını qoruyun. Daim düzgün hərəkət edin”, - ekspert vurğulayıb.