Azad olunmuş ərazilərdə yaşayanlar yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılır - Fotolar

azad-olunmus-erazilerde-yasayanlar-yangin-tehlukesizliyi-ile-bagli-melumatlandirilir
Oxunma sayı: 392

Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladıb.