Azərbaycan komandası İtaliyada Buzadırmanma üzrə yarışlarında iştirak edəcək

azerbaycan-komandasi-italiyada-buzadirmanma-uzre-yarislarinda-istirak-edecek
Oxunma sayı: 649

18-19 yanvar 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) son illər buzadırmanma idman növü üzrə yetişdirilən 5 idmançısı İsveçrənin Saas-Fee şəhərində keçirilən Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində iştirak ediblər.
FAİREX-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları keçən ildən başlayaraq buzadırmanma üzrə Dünya Kuboku yarışlarına qoşulublar.
Bildiririk ki, Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində Cənubi Qafqazdan 8 idmançı iştirak edib. Mürəkkəblik mərhələsi üzrə keçirilən yarışda idmançımız Renat Rəhimxanov Cənubi Qafqazdan olan idmançılar arasında ən yaxşı nəticə göstərib. Nəzərə alsaq ki, Renat Rəhimxanov ilk dəfədir bu yarışda öz gücünü sınayır, onun göstərdiyi nəticə yaxşı hesab oluna bilər. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstəriblər.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından təşkil olunmuş Azərbaycan komandası 26-27 yanvar 2013-cü il tarixlərində İtaliyada keçiriləcək Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında daha geniş tərkibdə iştirak edəcək.