Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib - Yenilənib

azerbaycan-qacaqmalci-cinayetkar-qrupun-liderini-qazaxistana-ekstradisiya-edib
Oxunma sayı: 3224

“Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə dövlətə 4 milyard tengedən (8,9 milyon dollar) çox ziyan dəyib.

Cinayətləri törətdikdən sonra həmin şəxs istintaqdan qaçıb və beynəlxalq axtarışa verilib. Sonralar o, Azərbaycan ərazisində aşkar edilib.

Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Onu cinayəti törətməyə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.

***

Azərbaycan Respublikasının Baş prokurorluğu bu haqda məlumat yayıb:

“Baş prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

Belə ki, Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilmişdir”.