Azərbaycan-Türkiyə arasında viza sazişi təsdiqləndi

azerbaycan-turkiye-arasinda-viza-sazisi-tesdiqlendi
Oxunma sayı: 3610

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, səsvermə nəticəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur. 

Müzakirələr zamanı deputat Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında hava yolu biletlərinin baha olması məsələsinə toxunub. O qeyd edib ki, İstanbuldan Gəncəyə uçuş biletləri bahadır: “Bu məsələni qaldıranda Türkiyə tərəfi bildirir ki, Azərbaycanda yer haqları çox bahadır. Axı Gəncəyə nə qədər uçuş var ki, yer haqları belə bahadır?! Postpandemiya dövründə turizmin inkişafı ölkəmizdə vacibdir. Türkiyədən istənilən vətəndaş Avropa ölkəsinə daha ucuz qiymətə getsə, biz  ölkəmizdə turizmin canlanmasını görə bilmərik. Ona görə hava yolları rəhbərliyindən xahiş edirik ki, bu yer haqları məsələsinə baxılsın”.

Günel Türksoy