Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb

azerbaycan-universitetinde-xocali-soyqirimi-anilib
Oxunma sayı: 1147

Azərbaycan Universiteti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdən əvvəl Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı soyqırımı qurbanlarına həsr olunmuş “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisinə baxıblar. 

Anım tədbirində Xocalı soyqırımı şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov açılış nitqində qeyd edib ki, Xocalı faciəsinin qurbanlarını hörmətlə yad etmək bizim borcumuzdur, amma son məqsədimiz olmamalıdır: “Əsas və son məqsədimiz gördüyümüz işlərlə onların narahat ruhunu şad etmək olmalıdır”. 

Deputat Məlahət İbrahimqızı çıxışında Azərbaycanın işğalçı Ermənistan qarşısındakı siyasi, iqtisadi və hərbi üstünlükləri haqqında danışıb. Bildirib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğu tam şəkildə sübuta yetirilib. 

Tədbirdə “Xocalıya ədalət kampaniyası və nəticələri” haqqında da məlumat verilib. 

Anım tədbirində Xocalı soyqırımının canlı şahidlərindən, o gecə cəmi 7 yaşı olan, atası gözlərinin önündə yandırılan Xəzan Əmirova da iştirak edib. 

Tədbir iştirakçıları sonda Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızının yeni layihəsi olan “Xocalı – zülmət bir gecə” filmini izləyiblər. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanıb.