Azərbaycanda Mübariz Mənsimova kim mane olur?

azerbaycanda-mubariz-mensimova-kim-mane-olur
Oxunma sayı: 4440


Təbii ki, bu məlumatlar havadan götürülmür. Uzun müddətdir M.Mənsimovun Azərbaycandakı biznesinin təqib olunması barədə məlumatlar var. Baxmayaraq ki, Mənsimovun Azərbaycanda çox xırda biznesi var və bu, Lənkəran süd zavodundan - Palsüd MMC-dən ibarətdir. Bu zavoda cəmi 6 milyon avro yatırılıb. Bu isə bir neçə milyard dollardan çox pulu olan Mənsimov üçün demək olar ki, qəpik-quruşdur. Onun sahib olduğu “Xəzər-Lənkəran” futbol klubu isə dotasiyada oturan bir qurumdur. Mənsimov bu kluba yalnız xərcləyir, burada qazanc yoxdur.

“Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda - ümumilikdə 21 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətləri də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun təkcə dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. ARDNŞ ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkənin inşaat sektorunda irəliləmək mənasını verir.

Bundan başqa, M.Mənsimov Türkiyədə böyük nüfuz sahibidir. Aparıcı partiyalar onun dəstəyini əldə etmək üçün rəqabət aparırlar. Bu da səbəbsiz deyil. Çünki Mənsimovun holdinqində on minlərlə insan çalışır və bu böyük bir elektorat deməkdir.

Bir elə nəhəng dövriyyənin fonunda 6 milyon avro dəyəri olan Lənkəran süd zavodunu xırda biznes kimi dəyərləndirmək olar. Ancaq məsələ burasındadır ki, onun bu “xırda biznesinə” də iddialılar var və onu bazardan çıxartmaq üçün hər vasitəyə əl atmağa hazırdırlar. Ümumiyyətlə, Azərbaycan biznes elitasında M.Mənsimova münasibət daha çox mənfi çalarlıdır və imkan daxilində ona mane olmağa çalışırlar. Məsələn, 2009-cu ildə “Palmali” Azərbaycanda iri miqyaslı biznes planlarını gerçəkləşdirməyə start verir. “Öncə "Palbank" təsis edilir, İçərişəhərdə bankın fəaliyyət göstərməsi üçün ofis icarəyə götürülür, peşəkar bank işçilərindən ibarət komanda yaradılır və lisenziya almaq üçün Mərkəzi Banka müraciət edilir. Ardınca başqa biznes layihələrinin icrasına da hazırlıq görülür. Sonda M.Mənsimova yalnız süd zavodu açmağa icazə verilir, Mərkəzi Bank ona lisenziya verməkdən imtina edir. Gözəgörünməz əl ona lisenziya verilməsinə imkan vermədi. Təbii sual ortaya çıxır - Azərbaycan oliqarxları cənab Mənsimovu niyə sevmirlər?

Əvvəla, ondan başlayaq ki, M.Mənsimov varidatını kənarda qazanıb və ona görə Azərbaycan hakimiyyətinə borclu deyil. Bu amil istər-istəməz M.Mənsimova azərbaycanlı həmkarları ilə müqayisədə üstünlük verir. Rüşvət və büdcədən oğurladıqları pullara hesabına oliqarxa çevrilənlər isə bunu qətiyyən həzm edə bilmirlər.

İkincisi, M.Mənsimov rəqabətə davamlı biznesin təmsilçisidir. O biznesini sıfır variantından sərt rəqabət şəraitində qurub və bu gün sahib olduğu milyardları da rəqabət nəticəsində əldə edib, inzibati resurslardan faydalanmayıb. Bu baxımdan onunla rəqabət aparmaq mümkün deyil. İnzibati resursları çıxsaq, M.Mənsimov rəqabət şəraitində Azərbaycanın istənilən oliqarxını diz çökdürə bilər. Bu amil də M.Məsimovu “sevilməyən oliqarxlar” kateqoriyasına daxil edir. Yerli oliqarxların yaratdığı biznes mühitində azad rəqabətə yer yoxdur. Sanki tək qapıya futbol oynayırlar.

Üçüncüsü, M.Mənsimovun cənub bölgəsində doğulması da onun “sevilməyən oliqarxlar” kateqoriyasına daxil olmasına təsir edib. Məlum bölgədə doğulmayan oliqarxların gec-tez təqiblərə məruz qalması, onlara ögey münasibət zaman-zaman ortaya çıxıb.

Ümumiyyətlə, M.Mənsimova qarşı Azərbaycan oliqarxlarının münasibəti başadüşülən deyil. Onlar sözün bütün mənaların M.Mənsimovu rəqib kimi görürlər. Hətta Türkiyə mediasında hansısa oliqarx haqda tənqidi yazı gedəndə, bunun günahını M.Mənsimovda görürlər. M.Məsimovun hakimiyyətə siyasi dəstək verməməsi də burada əhəmiyyətli rol oynayır. Digər xarici şirkətlər, məsələn, LUKoyl, Azersun kimi iri şirkətlər hakimiyyətin siyasi layihələrinə maliyyə dəstəyi verir. Məsələn, seçki dövründə 1-ci sinif usaqlarına pulsuz geyim və çanta verilməsi xərcini bu şirkətlər üzərinə götürür. Ancaq “Palmali” bu tip layihələrdən kənardadır.

Sonda onu qeyd edək ki, M.Mənsimovun yaratdığı “Xəzər-Lənkəran” klubu Azərbaycanda futbol biznesinin inkişafına öz töhfəsini verib. “Xəzər Lənkəran” yaranana qədər ölkə futbolçularının maaşı qəpik-quruş, maddi texniki bazası isə yox dərəcəsində idi. M.Məsimov isə onların maşını Şərqi Avropa standartlarına qədər qaldırdı, yeni stadion tikdi, kluba legionerlər cəlb etdi, uşaq futbol məktəbini yaratdı. Yalnız bundan sonra “Xəzər Lənkəran”-dan geri qalmamaq başqa klublar da maaşları qaldırmağa məcbur oldu, stadionlar tikilməyə başladı, ölkəyə legioner axını oldu, uşaq futbol məktəbləri yaranmağa başladı. Bu azad biznesin əlamətləridir. Azad biznesə nifrət edən yerli oliqarxlar isə bu əlamətləri məhv etməyə çalışır./musavat.com/