Azərbaycanda rüşvət alanların siyahısı açıqlandı

azerbaycanda-rusvet-alanlarin-siyahisi-aciqlandi
Oxunma sayı: 4981


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov görülmüş işlər barədə məlumat verib. 

Qeyd edilib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında da uğurla davam edib.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılıb, həmçinin 166 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 

2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 1 şəxs barəsində 1  iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq,  73  şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min  manat və ya 48,4 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Günel Türksoy